Ağciyər Xəstəlikləri İnstitutunda reanimatoloq yoxdur - BAŞ HƏKİMDƏN AÇIQLAMA
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda cəmi bir reanimatoloq var, o da səhhəti ilə bağlı mütəmadi işdə olmur.
Bu sözləri Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun baş həkimi İman Rzayev oxu.az-a Ağciyər institutunda son zamanlar ölüm hallarının artmasına və həkim səhlənkarlığı iddialarına cavab olaraq bildirib.
İ.Rzayev hazırda xəstəxanada həkim-reanimatoloqun olmadığına dair faktı təsdiq edib:
“Bu gün xəstəxanada yalnız bir reanimatoloq çalışır, o da Fikrət həkimdir. Təəssüf ki, Fikrət həkim səhhəti ilə bağlı olaraq mütəmadi şəkildə xəstəxanada olmur. Amma kritik hallar olduğunda onunla əlaqə saxlayırıq, bizə yardım göstərir. Ondan başqa hazırda xəstəxanada başqa reanimatoloq çalışmır. Bu vəzifə üzrə hazırda 6 vakant yerimiz var. Bununla bağlı elan verməyimizə baxmayraq, müraciət edənlər demək olar ki, yoxdur. Fikrət həkim isə ayın 7-si rəsmi olaraq işə çıxacaq və qrafik üzrə fəaliyyətini davam etdirəcək”.
İ.Rzayev xəstələrə növbətçi həkimlərin nəzarət etdiyini də qeyd edib.
Xatırladaq ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda yanvarın 22-də daha bir xəstə vəfat edib. Bir neçə xəstəlikdən əziyyət çəkən 1951-ci il təvəllüdlü S.Z. ağır vəziyyətdə (ağciyərin xroniki-obstruktiv xəstəliyi diaqnozu ilə) yanvar ayının 11-i xəstəxanaya müraciət edib. 10 gün müddətinə müalicə almasına, göstərilən tibbi yardımlara baxmayaraq vəfat edib.
Şəffaflıq.az
Facebook-da paylaş