Dünya bazarında düyü kəskin bahalaşıb


 

Koronavirus pandemiyasının taxıl məhsullarına tələbatı artırması fonunda dünya bazarında düyünün qiyməti son doqquz ilin ən yüksək səviyyəsinə çatıb.

Şəffaflıq.az-ın “The Wall Street Journal”a istinadən verdiyi xəbərə görə, ötən iki həftə ərzində ABŞ-ın CME birjasında emal olunmamış düyünün qiyməti 47 faiz bahalaşmaqla 2011-ci ilin noyabrındakı səviyyəyə yüksəlib.

Buna özünütəcrid dövründə əhalinin ilkin tələbat mallarının ehtiyatlarını yaratmaq üçün pərakəndə satış nöqtələrindən külli miqdarda düyü alması səbəb olub.

Aprel-may aylarında düyünün pərakəndə satışı ötən ilin eyni dövrü ilə müqayisədə 40 faiz artıb.

Tələbatın belə artması fonunda təklif gözləndiyindən az olub.

ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, ölkədə düyü istehsalı 2019-cu ildə 17 faiz azalaraq 8,4 milyon ton təşkil edib.

Bu, düyünün əsas yetişdirildiyi Arkanzas, Missuri, Missisipi, Luiziana və Texas ştatlarına düşən vaxtsız güclü yağışlara görə baş verib. Bu il isə əksinə, əlverişli iqlim şəraiti var və nazirlik istehsalın ötən ilkindən 17 faiz yüksək olacağını gözləyir. Bu isə düyünün qiymətindəki bahalaşmanın uzun çəkməyəcəyinə ümid yaradır.

Asiyada düyünün ixrac qiyməti, hətta Hindistan və Vyetnamın xaricə satışa qoyduqları qadağaları ləğv etmələrindən sonra da artıb.

Tailandda qeydə alınmış ciddi quraqlıq bu ölkədən ixrac olunan düyünün bahalaşmasına səbəb olub.

Bundan əlavə, düyünün ikinci böyük istehsalçısı olan Hindistan pandemiya səbəbindən limanların fəaliyyətində yaranmış fasilələrə görə düyünü daşımaq üçün konteyner çatışmazlığı yaşayır.

Buna baxmayaraq, ABŞ Kənd Təsərrüfatı Nazirliyi dünyada düyü istehsalının 2020-ci il ərzində 1,7 faiz artaraq 500 milyon tona çatacağını gözləyir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}