Azərbaycanda “Facebook” istifadəçilərinin fəallığı azalıb - Rəqəmlər
Bu ilin oktyabr ayında Azərbaycanda “Facebook” istifadəçilərinin fəallığı sentyabr ayı ilə müqayisədə 17,3 faiz bəndi azalıb.
“APA-Economics”in “Global Stats” statistika mərkəzinə istinadən verdiyi məlumata görə, noyabrın 1-nə “Facebook”un Azərbaycanın sosial media bazarında payı 43,3% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 1,3 faiz bəndi azdır.
Populyarlığına görə “Facebook” ölkənin sosial media bazarında birinci yeri tutur.
Sosial şəbəkələr arasında populyarlığına görə ikinci yerdə “Twitter” qərarlaşıb ki, onun istifadəçilərinin ölkə üzrə fəallığı oktyabr ayı ərzində 5,1 faiz bəndi artıb. Bu sosial şəbəkənin Azərbaycan bazarında payı bu ilin noyabrın 1-nə 15,7% təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən təqribən 11 faiz bəndi çoxdur.
Bu ilin oktyabr ayı ərzində ölkə üzrə “Pinterest” şəbəkəsinin istifadəçilərinin fəallığı 2,6 faiz bəndi artıb. Noyabrın 1-nə olan məlumata görə, “Pinterest” Azərbaycan sosial media bazarında 14,5% bazar payı ilə 3-cü yerdə qərarlaşıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz bəndi çoxdur.
Digər sosial şəbəkələrin pay bölgüsü belədir: “Instagram” – 12,1%, “YouTube” – 10,3%, “VKontakte” – 1,38%, “Google+” – 0,88% və s.
Şəffaflıq.az
Facebook-da paylaş