Səudiyyə nefti xilas etməyə çalışır
Dünya neft bazarında təklif tələbi üstələyəndən sonra qiymətlər xeyli aşağı düşüb. İndi Səudiyyə Ərəbistanı nefti xilas etməyə çalışır.
Şəffaflıq.az xəbər verir ki, ərəb ölkəsi yolu hasilatı azaltmaqda görür. Əslində, böyük tədbirlər planı həyata keçirmək mümkün deyil. Yalnız hasilatı azaltmaqla tələbə uyğun davranmaq mümkündür. OPEK+ üzvlərinin qərarı da belədir. Bütün üzv ölkələr hasilatı azaltmaq öhdəliyini üzərinə götürüb. Ən böyük yükü isə Səudiyyə Ərəbistanı çəkir.
Səudiyyə hasilatı daha 1 milyon barel azaltmaq qərarı verib. Krallıqda bununla vəziyyəti yaxşılaşdıra biləcəklərini düşünürlər. Səudiyyə Ərəbistanı yayda aprellə müqayisədə ümumi azalmanı 40 faizə çatdırmaq fikrindədir. Deməli, gündəlik hasilat 7.5 milyon barel olacaq.
Səudiyyənin addımları yavaş-yavaş bəhrəsini verir. “Brent”in qiyməti 30 dollar civarındadır. Düzdür, yüksək deyil, amma aprelin sonları, mayın əvvəllərində vəziyyət xeyli pis idi. Bu gün WTI-nin barelinin qiyməti də 25 dolları keçib.
OPEK+ üzvlərinin razılaşmasına görə, mayın 1-dən ümumi hasilat 9.7 milyon barel azaldılmalıdır. Bunun da az qala yarısı Səudiyyənin üzərinə düşür. Rusiya hasilatı 2.5 milyon barel azaldır.
Facebook-da paylaş