"Azərbaycana kiberordu lazımdır" - “Microsoft Azerbaijan”
"Bu gün Azərbaycanın kiberorduya ehtiyacı var. Mən çox arzu edərdim ki, bizim səlahiyyətli orqanlar bu barədə düşünsünlər".
Şəffaflıq.az report-a istinadən xəbər verir ki, bunu “Microsoft Azerbaijan” şirkətinin yeni baş meneceri Qaçay Mirzəyev deyib.
Onun sözlərinə görə, kibertəhlükəsizliyin təmin edilməməsi Azərbaycanı daha ciddi itkilərlə üz-üzə qoya bilər: “Əgər biz hər şeyi qoyub ölkəni kibertəhlükəsizlik baxımından açıq saxlayarıqsa, ordan daha ciddi zərbələr almaq və itkilər vermə ehtimalımız var. Bu gün qonşu ölkələrin hamısında belə kiberordu var. Onlar nəinki müdafiə edir, hətta hücumlar da təşkil edir. Təsəvvür edin, belə olduğu təqdirdə Azərbaycan hər şeyi rəqəmsallaşdırır, amma onu qorumur. Nə baş verəcək? Ona görə buna diqqət ayırmaq lazımdır".
“Microsoft” rəsmisi əlavə edib ki, şirkət bunun üçün hələ 10 il əvvəl xüsusi təkliflər verib: "Microsoft" hələ 2010-cu ildə "Rəqəmsal kriminal birliyi" (“Digital crime unity”) yaradıb. Heç kəs kiberhücumlarla tək mübarizə apara bilməz. Bu bizi kibercinayətkarlığa qarşı mütəşəkkil mübarizə aparmağa sövq edir. Ona görə də "Microsoft" bu məsələdə irəli düşüb, xeyli sayda şirkətlə əməkdaşlıq və tərəfdaşlıq edir. Dövlət qurumları üçün bizim ordan verdiyimiz xidmətlər pulsuzdur. Bunun üçün dövlət "Government security agreement" deyilən razılaşmanı "Microsoft"la imzalamalıdır. Ondan sonra isə dövlət bütün analitik məlumatlardan istifadə etmək hüququ əldə edəcək. "Windows" bizim əməliyyat sistemimizdir. Əgər ora hər hansı hücum olursa və yaxud virus tapılırsa, bu bizə qarşı hücum kimi qiymətləndirilir. Əgər istifadəçi həmin hücum və yaxud virus haqqında məlumatın "Microsoft"a göndərilməsi açıq razılıq verirsə həmin məlumat bizdə toplanır və analiz olunur.
Nəticədə biz bunun hədəfə götürülmüş və yaxud təsadüfi hücum olduğunu müəyyən edirik. Əgər razılaşma olsa biz dövləti məlumatlandıra bilərik, bu isə qabaqlayıcı tədbirlər görməyə imkan verər. Təəssüf ki, hələlik Azərbaycanla belə bir razılıq yoxdur. Amma düşünürəm ki, gələcək addımlardan biri məhz bu anlaşmanı imzalamaq olmalıdır".
Facebook-da paylaş