Ermənistan Baş Qərargah rəisinin keçmiş birinci müavini həbs edilib
İrəvan məhkəməsi Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş birinci müavini, general-leytenant Tiran Xaçatryanın həbsi barədə qərar çıxarıb. Şəffaflıq.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə onun vəkili Varazdat Arutyunyan bildirib. Daha əvvəl Baş Qərargah rəisinin keçmiş müavini barəsində 44 günlük müharibə zamanı yol verdiyi qanun pozuntularına görə cinayət işi açılıb. General ittihamları qəbul etməyib. Məhkəmə xidməti səhlənkarlıq ittihamı ilə iki ay müddətinə həbs edib. “Gözlənildiyi kimi, (müdafiə tərəfinə - red.) 1200 səhifəlik işlə tanış olmaq üçün kifayət qədər vaxt vermədən hakim Masis Melkonyan ağlabatan şübhə və əsasların olmamasına məhəl qoymadan müstəntiqin vəsatətini təmin edib və general-leytenant Tiran Xaçatryanı 2 ay müddətinə həbs edib”, - onun vəkilinin feysbuk sosial şəbəkəsində yayılan açıqlamasında qeyd olunur. Tiran Xaçatryan 44 günlük müharibədə iştirak etsə də, sonradan nüfuzdan düşüb və 2021-ci ilin fevralında vəzifəsindən uzaqlaşdırılıb. Buna Xaçatryanın baş nazir Nikol Paşinyanın “İsgəndər” raketləri ilə bağlı bəyanatına ironik açıqlamaları səbəb olub. Baş nazir bildirib ki, müharibə zamanı raketlər partlamayıb və ya sadəcə 10 %-i partlayıb. General istefa verdikdən sonra dəfələrlə hakimiyyətin siyasətini tənqid edib. 2024-cü ilin yanvarında isə o, restoranlardan birində mübahisə və dava edib. Dava zamanı Xaçatryan silahdan atəş açaraq, təsadüfən mübahisə ilə heç bir əlaqəsi olmayan restorana gələn qonaqlardan birini yaralayıb. O, həbs olunub və mart ayında zaminə buraxılıb.
Facebook-da paylaş