MOİK-in baş məşqçisi: "I Liqa komandaları mübarizə baxımından elita təmsilçilərindən geri qalmırlar"
I Liqa komandaları mübarizə baxımından elita təmsilçilərindən geri qalmırlar. Bunu “Report”a açıqlamasında Azərbaycanın I Liqasında çıxış edən MOİK-in baş məşqçisi Qəzənfər Abbasov aşağı dəstə təmsilçilərinin Misli Premyer Liqası klubları ilə başabaş mübarizə apara bilməmələrinin səbəbləri haqqında danışarkən deyib. Mütəxəssis meydanların bərbad vəziyyətdə olmasından şikayətlənib: “Qəbələ”dən başqa, demək olar ki, I Liqa komandalarının 90 faizi süni örtükdə məşq edir. İlk növbədə şərait olmalıdır. Qələbə qazanmaq istəyiriksə, şəraitimiz Premyer Liqa klublarına yaxın olmalıdır. Amma hazırda şərait baxımından I Liqa klubları çox geridədir. Klubların əksəriyyətinin meydanları bərbaddır. I Liqada 8 oyun keçirmişik, yeddinci yerdəyik. Ev oyunlarımızı həmişə Binədə keçirmişik. Bu gün isə Sumqayıtda məşq edirik. Oyunlarımızın hamısını səfərdə, digər klubların meydanlarında keçiririk. Bu şəraitlə Premyer Liqa klubu ilə qarşılaşanda, çatışmazlıqr üzə çıxır. Belə vəziyyətdə legioner də gətirsən, faydası olmaz. I Liqa komandaları mübarizə baxımından elita təmsilçilərindən geri qalmırlar. Ancaq şəraitimiz, normal meydanımız olsa, nəinki Premyer Liqa klubları ilə başabaş mübarizə apara, hətta qalib də gələ bilərik”. O, Azərbaycan Kubokunun 1/8 finalında “Sumqayıt”a məğlub olmalarını yorğunluqla əlaqələndirib: “Sumqayıt”ı təhlil etmişdik. Məşqçi dəyişikliyindən sonra oyun üslubları, hücumları daha da yaxşılaşıb. İtirəcəyimiz heç bir şey yox idi. Belə ab-havada oynamaq komanda üçün təcrübədir. Mübarizə apardıq, futbolçular tapşırıqların hamısını yerinə yetirdilər. Oyunun sonlarında artıq yorğunluq var idi. Belə olan halda səhvlərə yol verməyə başlayırsan. Bu səhvlərin ikisindən sonra qapımızda qol gördük. Ümumilikdə komandadan razı qaldım. Rəhbərlik də təbrik etdi. “Sumqayıt”a da uğurlar arzulayıram”. Qeyd edək ki, MOİK Azərbaycan Kubokunun 1/8 finalında qarşılaşdığı “Sumqayıt”a 1:3 hesabı ilə məğlub olub. I Liqanın digər 5 komandası da Premyer Liqa təmsilçilərinə bu mərhələdə uduzaraq mübarizəni dayandırıb. Şəffaflıq.az
Facebook-da paylaş