Azərbaycan millisinin məşqçisi: Reytinq turnirində əsas məqsəd güləşçilərin son durumunu öyrənmək idi
Bu yarışda əsas məqsəd idmançıların son durumunu öyrənmək idi. Bunu açıqlamasında Azərbaycanın yunan-Roma güləşi millisinin məşqçisi Həsən Əliyev Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turniri barədə danışarkən deyib. Mütəxəssis 3 qızıl medal qazandıqları turnirin onlar üçün yaxşı keçdiyini bildirib: "Artıq olimpiadaya qısa müddət qalıb. Qeyri-olimpiya çəkilərindəki güləşçiləri də yoxlamalıydıq. Qarşıda dünya çempionatı olacaq. Onlar uzun müddət güləşmirdilər. Hazırda bizi yalnız təlim-məşq toplanışı, ardınca isə olimpiada gözləyir". O, Fransanın paytaxtı Parisdə təşkil olunacaq Yay Olimpiya Oyunları barədə də danışıb: "Bizim 5 lisenziyamız var. Güləşçiləri bir-birindən ayırmaq istəmirəm. Bu elə yarışdır ki, həmişə sürprizlərlə doludur. Kimin hansı medalı qazanacağını öncədən proqnozlaşdırmaq olmaz. Güləşçilərimizin hər biri Parisdə yaxşı nəticə qazana bilər". Şəffaflıq.az
Facebook-da paylaş