Azərbaycan Beynəlxalq Zeytun Şurasına üzv qəbul edilib
Azərbaycan zeytun yağı və süfrəlik zeytun istehsal və istehlak edən ölkələri bir araya gətirən və BMT-nin himayəsi altında fəaliyyət göstərən Beynəlxalq Zeytun Şurasına (International Olive Council – IOC) üzv qəbul edilib. Şəffaflıq.az bu barədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verir. 1959-cu ildə yaradılmış IOC-un üzvləri sırasına Albaniya, Argentina, Azərbaycan, Avropa İttifaqı ölkələri, Əlcəzair, Bosniya və Herseqovina, Misir, Gürcüstan, İran, İsrail, İordaniya, Livan, Liviya, Monteneqro, Mərakeş, Fələstin, Səudiyyə Ərəbistanı, Tunis, Türkiyə, Uruqvay və Özbəkistan daxildir. Şuranın fəaliyyətinə tədqiqat, təlim və texnologiya transferi üzrə beynəlxalq texniki əməkdaşlığın təşviq edilməsi, ticarət standartlarının inkişaf etdirilməsi, məhsulun keyfiyyətini artırmaqla zeytun yağı və süfrə zeytununun payının beynəlxalq ticarətdə artırılması, özəl sektorla sıx əməkdaşlıq etmək üçün hökumət nümayəndələri və ekspertlər arasında görüşlərin keçirilməsi və s. daxildir.
Facebook-da paylaş