Prezident Zirədə zeytun emalı zavodunun açılışında iştirak edib
Noyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Xəzər rayonunun Zirə qəsəbəsində “Abşeron Zeytun Bağları” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) regionda ən böyük zeytun yağı və süfrəlik zeytun məhsullarının emalı zavodunun açılışında iştirak edib. "Report" xəbər verir ki, Prezident İlham Əliyev əvvəlcə zeytunçuluq kompleksinin yaradılması ilə bağlı görülən işlər barədə videoçarxı izləyib. “Abşeron Zeytun Bağları” MMC-nin nümayəndəsi Rəmzi Şükürov dövlət başçısına müəssisənin fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, “Abşeron Zeytun Bağları” Məhdud Məsuliyyətli Cəmiyyətinin zeytunçuluq kompleksi ölkəmizdə qeyri-neft sektoru və kənd təsərrüfatının inkişaf konsepsiyasının uğurla reallaşdırılmasının nəticəsidir. Layihə Azərbaycan, İspaniya, İsrail, İtaliya, Portuqaliya və Türkiyədən olan mütəxəssislərin birgə əməkdaşlığı ilə həyata keçirilib. Sonra dövlət başçısı ərazidə zeytun ağacı əkib. Prezident İlham Əliyev avtobusla kompleksin ərazisini gəzib. “Abşeron Zeytun Bağları” MMC-nin məsləhətçisi Murat Küçükçakır Prezident İlham Əliyevə ərazidə salınmış zeytun bağları barədə məlumat verib. Qeyd edilib ki, layihənin həyata keçirilməsi üçün ilkin mərhələdə inzibati cəhətdən Zirə qəsəbəsinə aid olan Qoşaqışlaq kəndi ərazisində əkinçiliyə yararsız, sərt qayalıqlı 787 hektar torpaq sahəsinin təmizlənməsi işləri aparılıb. Həmin ərazinin 697 hektarında İspaniya, Portuqaliya, Türkiyə və Yunanıstandan idxal edilmiş “Arbequina”, “Arbosana”, “İmperial”, “Gemlik”, “Manzanillo”, “Blanqueta”, “Koroneiki” və digər sortlardan ibarət zeytun bağları salınıb. Kompleks ümumilikdə üç min hektar ərazini əhatə edir. Abadlıq işlərinin aparılması, geniş sahədə bağın salınması nəticəsində bir vaxtlar yararsız vəziyyətdə olan torpaq canlanmış, ərazinin iqlim və florası bərpa edilmişdir. Bazarın tələbatına uyğun olaraq ərazidə yağlıq, süfrəlik və qarışıq zeytun növlərində tinglər əkilib. Növbəti illərdə əkin işlərinin davam etdirilməsi və Gürgən qəsəbəsinin ərazisində 1162 hektar zeytun bağlarının salınması nəzərdə tutulur. Prezident İlham Əliyev: Keçən il məhsul yığmışdınız? “Abşeron Zeytun Bağları” MMC-nin məsləhətçisi Murat Küçükçakır: Bəli, keçən il də yığmışıq. Bu il gözləniləndən çox məhsul var. Bütün dünyada quraqlıq və müxtəlif səbəblərdən məhsuldarlıq az olarkən, biz bu il, İnşallah, hədəfimizi üstələyəcəyik. Çox gözəl bir il yaşayırıq. Hələ dördüncü ilimizdəyik. Prezident İlham Əliyev: Bir hektardan nə qədər məhsul yığırsınız? Murat Küçükçakır: Hədəfimiz bir hektardan on ton məhsul almaqdır. Bu il 2500-3000 kiloqram ətrafında olacaq. Dördüncü ildə bu rəqəmə çatmaq həqiqətən gözəl nailiyyətdir. Burada gözəl bir komandamız var. Birlikdə gözəl işlər, gözəl əməkdaşlıq şəraitində çalışırıq. Mən bu komanda ilə birlikdə bu gözəl işi görməkdən çox məmnunam. Prezident İlham Əliyev: Çox gözəl. Bu, daxili tələbatı nə qədər ödəyəcək? Rəmzi Şükürov: Cənab Prezident, biz il ərzində 4 min ton yağ istehsalını planlaşdırırıq. Bunun təqribən 2 min tona yaxını daxili bazar üçündür. Təbii ki, biz daxili bazarı zeytun yağı istehlakına alışdırmalıyıq. Çünki bu, çox vacibdir. Biz iki min ton məhsulu isə ixrac etməyi planlaşdırırıq. Prezident İlham Əliyev: Boş torpaqlarda belə gözəl kompleks yaratmışıq. Burada tarix boyu heç nə bitmirdi, heç nə əkilmirdi. Amma biz hər yerdə xariqələr yaradırıq. Rəmzi Şükürov: Cənab Prezident, artıq burada təbiət formalaşıb. Prezident İlham Əliyev: Əlbəttə, iqlimə də müsbət təsiri olacaq, təbiətə də, insanların sağlamlığına da. Məlumat verilib ki, 2019-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva burada olub və zeytun bağlarının salındığı ərazidə ilk zeytun ağacını əkib. Qeyd olunub ki, bağların suvarılması məqsədilə İsrailin “Netafim” şirkəti ilə əməkdaşlıq çərçivəsində tam avtomatlaşdırılmış suvarma sistemləri qurulub. Sonra Prezident İlham Əliyevə zavodda görülmüş işlər barədə də məlumat verilib. Bildirilib ki, İtaliyanın “Pieralisi” şirkəti ilə əməkdaşlıq çərçivəsində ildə 4 min ton zeytun yağı istehsal etmək gücünə malik zavod qurulub. Müəssisədə beş istehsal xətti yaradılıb. Zavodda soyuq sıxım “Extra Virgin” zeytun yağı istehsal olunur. Daha sonra Prezident İlham Əliyev müəssisədə istehsal olunan zeytun yağlarının nümunələri ilə tanış olub. Diqqətə çatdırılıb ki, müəssisədə istehsal olunan məhsullardan nümunələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarında analiz olunub və məhsulların mövcud tələblərə uyğunluğu təsdiq edilib. Dövlət başçısı zavodu işə salıb, istehsal prosesi və laboratoriyaların işi ilə tanış olub. Azərbaycan Prezidentinə kompleksdə istifadə olunan “New Holland” texnikası barədə məlumat verildi. Bildirildi ki, dünyanın qabaqcıl texnologiyası olan “New Holland” kombaynı ilə zeytun toplama Azərbaycanda ilk dəfə məhz “Abşeron Zeytun Bağları” MMC-də həyata keçirilir. Prezident İlham Əliyev müəssisənin süfrəlik zeytun emalı sahəsi ilə də tanış olub. Məlumat verilib ki, ərazidə Türkiyənin “Tutkun Makina” şirkəti ilə əməkdaşlıq çərçivəsində illik min ton xam zeytun qəbul etmə imkanı olan süfrəlik zeytun emalı sahəsi qurulub. Gələcəkdə fermentasiya çənlərinin sayını artırmaqla istehsal sahəsində məhsul buraxılışını illik 2 min tona çatdırmaq nəzərdə tutulur. Müəssisədə yaşıl, qara, çəyirdəkli və çəyirdəksiz, dilimlənmiş, içlikli, əzilmiş və s. növ süfrəlik zeytun məhsullarının istehsalı üçün imkanlar mövcuddur. Prezident İlham Əliyev İtaliyanın “Pieralisi” şirkətinin nümayəndələri ilə görüşüb. İtaliyadan olan mütəxəssislər dövlət başçısı ilə görüşməkdən məmnunluqlarını ifadə ediblər. Müəssisədə yaradılan şəraitdən razılığını bildirən Prezident İlham Əliyev bu sahənin perspektivlərindən danışaraq deyib: Azərbaycan, eyni zamanda, zeytun və zeytun yağı istehsal edən, ixrac edən ölkələrin ailəsinə qoşulacaq. İtaliyalı mütəxəssis: Siz bu ailəyə yüksəksəviyyəli zavodla daxil olacaqsınız, birmənalı şəkildə. Birbaşa əsas liqaya keçəcəksiniz. Prezident İlham Əliyev: Təşəkkür edirəm. Əlbəttə ki, bizim istehsalı genişləndirmək planlarımız var. Beləliklə, biz, xüsusilə burada - Abşeron yarımadasında və Azərbaycanın bəzi digər ərazilərində istifadə olunmayan torpaqlardan zeytun istehsalı üçün maksimum istifadə etməyi planlaşdırırıq. İtaliyalı mütəxəssis: Biz Sizə xidmət və dəstək göstərmək üçün buradayıq. Prezident İlham Əliyev: Ola bilsin ki, yaxın gələcəkdə bizə istehsalı genişləndirmək lazım olacaq. Düşünürəm ki, buna görə bizim sizin şirkətlə əməkdaşlığımız strateji əhəmiyyət daşıyacaq. Çünki burada - Abşeronda, həmçinin azad edilmiş ərazilərdə potensial var. Əlbəttə ki, bütün bunlar torpaq, iqlim, məhsuldarlıq nöqteyi-nəzərdən qiymətləndiriləcək. Amma bizim önəmli iştirakçı olmaq üçün ciddi planlarımız var. Həmçinin ölkə daxilində minlərlə iş yeri və yerli istehsalı yaratmaq planlarımız var. Qeyd edək ki, “Abşeron Zeytun Bağları” MMC-də ümumilikdə 350-dək şəxs işlə təmin olunub. Məhsulların daxili bazarla yanaşı, “Made in Azerbaijan” brendi ilə xarici bazarlara da ixracı nəzərdə tutulur. Noyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Xəzər rayonunun Zirə qəsəbəsində “Abşeron Zeytun Bağları” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) regionda ən böyük zeytun yağı və süfrəlik zeytun məhsullarının emalı zavodunun açılışında iştirak edib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Facebook-da paylaş