Azərbaycanı da günəbaxan yağı defisiti gözləyirmi?
Əslində Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə günəbaxan yağı çatışmazlığını tətikləyən amillərdən biridir. Bele ki, defisit həm də yüksək tələblə yanaşı, məhsuldarlığın aşağı olması, istehsal güclərinin məhdudluğu, pandemiyaya görə tədarük zəncirinin sıradan çıxması, istehsal xərclərinin artması, bazardan bəzi istehsalçılarının getməsi ilə əlaqələndirilir. Bu gün günəbaxan yağının raps, soya, palma və qarğıdalı yağları ilə əvəz edilməsi də problematikdir. Çünki dünya bazarında onların da təklifi məhduddur. Dünyada ən geniş istifadə olunan bitki yağı olan palma yağının əsas istehsalçılarından olan İndoneziya onun ixracını daha da məhdudlaşdırıb. Məqsəd daxili tədarükü artırmaqla günəbaxan yağının qiymət artımının qarşısını almaqdır. Nəticədə bu il İndoneziyadan palma yağı ixracı 11,5 % azalacaq. Təklifin azalması qiymətlərə də təziq göstərir. 2022-ci ildə palma yağının qlobal qiymətləri 50 %-dən çox artıb.
Ötən ilin okyabr-dekabr aylarında Aİ-yə tədarük edilən günəbaxan yağının 86 %-i Ukraynanın payına düşüb. Söhbət 1,52 milyon tondan gedir. Avropanın yağ istehsalı zavodları günəbaxan yağı istehsalı üçün xammalın 35-45 %-ini Ukraynadan alırlar. Hazırda hərbi əməliyyatlarla bağlı bu ölkə günəbaxan yağı ixracını tamamilə dayandırıb. Bazardakı qeyri-müəyyənlik istehsalçıların əhvalına ciddi şəkildə təsir edir və əhali arasında ajiotajın yaranmasına səbəb olur. Artıq günəbaxan yağına olan ehtiyacının 60 %-ini Ukrayna hesabına ödəyən İspaniyada iri supermarket şəbəkələri bu məhsulun satışına məhdudiyyət qoyub. Gün ərzidə adambaşına 5 litrdən artıq günəbaxan yağı satılmır. Günəbaxan yağına olan ehtiyacının 94 %-ni xarici mənbələr hesabına ödəyən Almaniyada piştaxtalar sürətlə boşalır. Avropa İttifaqı ölkələri 4-6 həftədən sonra günəbaxan yağı çatışmazlığı ilə üzləşə bilər. Qısamüddətli perspektivdə yeni alternativlər tapmaq demək olar ki, mümkün deyil. Vəziyyətdən çıxış yolu kimi hətta biodizel üçün nəzərdə tutulan məhdud həcmdəki günəbaxan yağı ərzaq bazarına geri göndərilir.
Analoji vəziyyət demək olar ki, bütün dünya üzrə mövcuddur. Qardaş Türkiyə də bu mənada istisna deyil. Ölkənin istehlak etdiyi günəbaxan yağının yarıdan çoxu (55 %) Rusiyanın, 15 %-i Ukraynanın payına düşür. Bu cür asılılıq insanlar arasında ajiotaja və piştaxtaların boşalmasına səbəb olub. Cəmi bir sutkada günəbaxan yağı 2 dəfə bahalaşıb. Onun bir tonunun qiyməti 1,4 min ABŞ dollarından 2 min ABŞ dollarına çatıb. Ölkənin uzağı 4 həftəlik ehtiyatı qalıb. Yeni partiyaların ölkəyə gətirilməsi mümkün deyil. Hazırda Azov dənizində Türkiyənin o cümlədən günəbaxan yağı ilə yüklü 16 konteyner daşıyan gəmisi təhlükəsizliklə bağlı vəziyyətdən dolayı geri dönə bilmir. Daxili tələbatı ödəmək üçün hökümət günəbaxan yağı ixracını qadağan edib. Bundan başqa günəbaxan istehsalçılarınada qrantlar veriləcək. Rusiya Türkiyəyə günəbaxan yağı və buğda ilə dolu 30 gəmi yollayacaq. Bunu iki ölkənin prezidenti telefon danışığı zamanı razılaşdırıb.
Avqustun 31-nə kimi Avrasiya İqtisadi Birliyi ölkələrinə Rusiyadan taxıl və şəkər ixracına qadağa qoyulacaq. Bu addım daxili ajiotaj və tələblə əlaqələndirilir. Analoji addımın günəbaxan yağı ilə bağlı atılacağı istisna deyil. Bu baş verəcəyi təqdirdə Azərbaycan alternativ kanallar axtarmaq məcburiyyətində qalacaq. Bunlardan biri Argentina ola bilər. Nəzərə alsaq ki, Azərbaycan artıq bu ölkədən qarğıdalı yağı idxal edir, günəbaxan yağının tədarükü üçün də lazımi logistikanın mövcudluğu haqda əminliklə demək olar.
Qeyd edək ki, 2021-ci ildə Azərbaycan 12 ölkədən toplam olaraq 20 min 526 ton qarğıdalı yağı alıb ki, onun da 60 %-ə yaxını Argentinanın payına düşüb.
Bu Latın Amerika ölkəsi dünyanın aparıcı günəbaxan yağı istehsalçılarından biridir. Hazırda bu ölkədə günəbaxanın yığımı gedir. Faktiki həcmi 1,64 milyon ton olan məhsulun 30 %-i yığılıb. Bu ilin yanvar-sentyabr aylarında Argentina xarici bazarlara 0,8 milyon ton günəbaxan yağı tədarük edə bilər. Bu ölkə ilə logistika kanallarının mövcud olması Argentina günəbaxan yağından pay almaq imkanlarımızı xeyli artırır. Lakin təkcə son bir həftədə Argentina mənşəli günəbaxan yağı 500-600 ABŞ dolları bahalaşıb. Qlobal bazarda demək olar ki, oxşar proses gedir. Hazırda ölkəmizdə günəbaxan yağının qiymətində əhəmiyyətli dəyişikliklər yoxdur. Piştaxtalarda bu məhsulun çatışmazlığı hiss olunmur. Ola bilsin ki, buna daxili istehsal və xaricdən tədarük edilən ehtiyatlar hesabına nail olunur. Lakin daxili istehsal xarici xammala bağlıdır. Ehtiyatlar isə bir müddət sonra tükənəcək.
Facebook-da paylaş