Bəzi ərzaqların bahalaşması ilə bağlı - Açıqlama
Bir neçə gündür ki, sosial şəbəkələrdə istehlak bazarında bəzi ərzaqların və məhsulların qiymətinin qalxması barədə məlumatlar paylaşılır.
Şəffaflıq.az-ın məlumatına görə, bildirilir ki, günəbaxan yağının, qarğıdalı yağının, şəkər tozunun, unun, uşaq bezlərinin qiymətində dəyişikliklər var.
Belə ki, əvvəl 1.72 qəpik olan günəbaxan yağının qiyməti hazırda 2.71 qəpik, 38 manata olan 50 kq-lıq şəkər tozunun qiyməti 52,5 manata, 24.35 qəpiyə olan 50 kq-lıq unun qiyməti 28 manata, 3.80 qəpik olan Heinz pamperslərinin qiyməti isə 4.80 qəpik olub .
“Qafqazinfo” məsələylə əlaqədar İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə sorğu göndərib. Sorğumuza cavab olaraq bildirilib ki, bazar iqtisadiyyatı şəraitində qiymətləri dövlət tərəfindən tənzimlənən mallar (işlər, xidmətlər) istisna olmaqla, bütün malların (işlərin, xidmətlərin) qiymətləri rəqabət mühitində, tələb-təklif əsasında formalaşır.
Tələb-təklif əsasında formalaşan qiymətlərin səviyyəsi bir sıra amillərin, o cümlədən dünya iqtisadiyyatında baş verən bir sıra amillərin təsiri nəticəsində dəyişə bilər.
Çox təssüf ki, bəzi hallarda bazar iqtisadiyyatı qanunlarına uyğun olaraq baş verən əsaslı qiymət artımları da cəmiyyətdə süni qiymət artımı kimi qiymətləndirilir.
Bildirilib ki, əsassız qiymət artımına yol verilməklə rəqabətin məhdudlaşdırılmasına, digər təsərrüfat subyektinin və istehlakçıların mənafeyinə toxunmasına gətirib çıxaran hərəkətlərə görə qanunvericilikdə ciddi məsuliyyət tədbirləri nəzərdə tutulur. Belə ki, “Antiinhisar fəaliyyəti haqqında” Qanunda əsassız qiymət artımına yol verilməklə əldə olunan mənfəət həcmində cərimə nəzərdə tutulur. Eyni zamanda qanunvericilikdə əsassız qiymət artımları nəticəsində inhisarçılıq hərəkətləri və rəqabəti məhdudlaşdırmaya görə cinayət məsulliyəti nəzərdə tutulur.
Bu halların vaxtında aşkar edilməsi və qarşısının alınması məqsədilə bir sıra ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərinin gündəlik monitorinqi aparılır. Həmin monitorinqlərin nəticələri təhlil olunaraq, rəqabətin pozulması hallarının olub-olmaması araşdırılır. Aparılmış təhlillər zamanı hazırda əsassız qiymət artımına yol verilməsi halları aşkar edilməyib.
Əsassız qiymət artımının vaxtında müəyyən edilərək qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən aidiyyəti dövlət orqanları ilə birlikdə həyata keçirilən tədbirlə bundan sonra da davam etdiriləcək.
Qanun pozuntuları aşkar edildiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş ən ciddi tədbirlər görüləcək, habelə cinayət tərkibli hallar aşkar edildiyi təqdirdə toplanmış materiallar aiddiyəti üzrə hüquq mühafizə orqanlarına göndərilicək.
Facebook-da paylaş