Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin iclası keçirilib. Şəffaflıq.az bildiriblər ki, qurumun sədri Anar Bağırov “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Prezident İlham Əliyevin 2018-ci il 22 fevral tarixli Sərəncamının tarixi əhəmiyyətindən və bu sənədin ölkəmizdə vəkilliyin inkişafına töhfəsindən danışıb. Sədr Vəkillər Kollegiyasının regional mərkəzlərinin, eləcə də fəaliyyətdə olan vəkil bürolarının təmiri və istifadəyə verilməsi, yaxın günlərdə “ASAN xidmət” mərkəzlərində açılması gözlənilən vəkil bürolarının təşkili istiqamətində görülən işlər, o cümlədən dekabrın 23-də keçiriləcək vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının yazılı test mərhələsinə hazırlıq, sənəd qəbulu prosesinin hazırkı vəziyyəti və digər məsələlər barədə iclas iştirakçılarına məlumat verib.İclasda Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin yaradılması məsələsinə baxılaraq müsbət qərar qəbul edilib. Bununla əlaqədar təşkil olunacaq komitəyə Vəkillər Kollegiyasının üzvü, Vəkillərin İntizam Komissiyasının sədri Şahmar Məmmədovun rəhbərlik etməsi qərara alınıb.
Eyni zamanda, yeni vəkil qurumlarının təsis edilməsi ilə bağlı qərarlar da qəbul olunub. Bakıda fəaliyyət göstərəcək “Entilex Law Group”un və Sumqayıt Regional Vəkil Bürosunun təsis olunması barədə məsələlərə baxılaraq müsbət qərarlar qəbul edilib. Həmçinin digər vəkil qurumuna keçmək və vəkilliyə qəbul üzrə müraciətlərə baxılıb.İclasda vəkillər barəsində başlanılmış 40 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb. Üzrlü səbəb olmadan üzvlük haqqının altı aydan artıq müddətə ödənilməməsi ilə əlaqədar iki vəkilin fəaliyyətinin dayandırılaraq, Vəkillər Kollegiyasının üzvlüyündən çıxarılması üçün məhkəməyə müraciət edilməsi barədə qərar qəbul olunub. Həmçinin 3 vəkilə töhmət, 2 vəkilə xəbərdarlıq verilib. İyirmi yeddi iş üzrə pozuntu aşkar edilmədiyi, həmçinin daxil olmuş şikayətlərdəki məlumatlara hüquqi qiymət verilməsi mümkün olmadığı üçün intizam icraatlarına xitam verilib. Altı intizam işi üzrə isə əlavə araşdırmanın aparılması ilə əlaqədar məsələ növbəti iclasda baxılması üçün təxirə salınıb.
Vəkillər Kollegiyasının iclasında digər məsələlərə də baxılıb. AZƏRTAC
Facebook-da paylaş