Bakıda dünya çempionu olan atıcı: “Bu yarış mənim üçün böyük əhəmiyyət kəsb edir”
“Bu yarış mənim üçün böyük əhəmiyyət kəsb edir”. Bunu “Report”a açıqlamasında Bakıda təşkil edilən dünya çempionatında kişilərin uzanaraq 50 metr məsafəyə tüfəngdən atəşaçma yarışında qızıl medal qazanan Pyotr Nimburski deyib. Qeyri-olimpiya növü üzrə birinci yeri tutan çexiyalı idmançı karyerasında ilk dəfə dünya çempionu olmağın sevincini yaşadığını bildirib: “Bu gün mənim üçün çox yaxşı alındı. Maraqlı yarışda qızıl medal qazandım. İlk dünya çempionluğuma sevinsəm də, komandama görə təəssüfləndim. Biz üçüncü yerdəki Çin komandasından 0,1 xal geri qaldıq. Buna görə məyus oldum”. Lisenziyanın qazanılıb-qazanılmamasından asılı olmayaraq, hər turnirə ciddi yanaşdığını söyləyən Nimburski üçüncü dəfədir Bakıya səfər etdiyini vurğulayıb: “Bakını yetərincə gəzməyə vaxtım olmayıb. Proqram çox sıx olur. Məşq edirik, yarışa çıxırıq, otelə gedirik, dincəlirik. Bir də baxırıq ki, Çexiyaya qayıtmaq zamanıdır. Şəhəri gəzə bilməsəm də, Bakı Atıcılıq Mərkəzinin möhtəşəm olduğunu deməliyəm. Atış poliqonlarını bəyənirəm. Bu cür müasir və yüksək şəraitli mərkəzləri çox sevirəm”. Şəffaflıq.az
Facebook-da paylaş