Alimlərdən təşviş dolu açıqlama: İki milyard insanın həyatı risk altındadır - FOTO
İstixana qazı emissiyaları kəskin şəkildə dayanmasa, XXI əsrdə Himalayın Hinduquş dağları buzlaqların 80 faizə qədərini itirəcək. Bu qorxulu proqnoz barədə Katmanduda yerləşən Dağların İnteqrasiya edilmiş İnkişafı üzrə Beynəlxalq Mərkəzin hesabatında deyilir. Nepal tədqiqat təşkilatının mütəxəssislərinin sözlərinə görə, 2010-cu ildən bəri Himalaydakı buzlaqlar əvvəlki onillikdən 65 faiz daha sürətlə əriyir. Elm adamları bildiriblər ki, iqlim dəyişikliyi səbəbindən buz örtüyünün azalması aşağı axarda yaşayan insanlar üçün şirin suyun azalmasına səbəb olacaq. Müəlliflər həmçinin dağlardakı 200 buzlaq gölünü təhlükəli hesab ediblər və ərimə nəticəsində əsrin sonunda regionda daşqınların, eləcə də uçqunların sayında əhəmiyyətli artım müşahidə oluna biləcəyi təhlükəsindən danışıblar. Bu isə 12 dağ çayı boyunca yaşayan iki milyarda yaxın insanın risk altında olması deməkdir. Mütəxəssislərin sözlərinə görə, Himalay dağlarında buzların əriməsinin qarşısını almaq üçün istiləşməni 1,5 dərəcə selsi ilə məhdudlaşdırmaq son dərəcə vacibdir. Mənbə: Lenta.ru
Facebook-da paylaş