Xameneinin mesajının NÜVƏSİ - ŞƏRH
İran nüvə proqramını nüvə silahı hazırlamaq təcrübəsinə çevirməkdə inadkarlıq göstərir. İranın ali dini rəhbəri Seyid Əli Xamenei iyunun 11-də nüvə mütəxəssisləri ilə görüşündə Qərblə razılaşmanın mümkünlüyündən danışıb, ancaq şərt dili ilə. Xameneinin fikirlərində o gizlənir ki, İran nüvə silahı istehsal etmək istəyir. İran lideri bunu “Qərblə razılaşma İranın nüvə infrastrukturuna təsir göstərməsə, qəbul edilə bilər” bəyanatında göstərir. Tehranın nüvə proqramı Rusiya-Ukrayna müharibəsinin qlobal fəsadları fonunda amansızlaşır, artıq Qərbin təzyiqlərinin də bütünlüklə işə yaramadığı görünməkdədir. Hələ İranın nüvə silahı ailəsinə daxil olması rəsmiləşməyib, ümumiyyətlə belə bir fakt yoxdur ki, Tehranda nüvə silahı mövcuddur. Lakin qorxulusu budur ki, Tehran mövcud proqramını atom bombası hazırlamaq yolunda irəlilədir. Cari proqram və onun perspektivi İranın regional, qlobal davranışında radikal dəyişikliyə gətirib çıxarır və beynəlxalq təhlükəsizlik məsələlərini riskə atan faktora çevrilir. ABŞ bərk narahatdır, çünki onun beynəlxalq siyasətdə üzləşdiyi çətinliklər, nüfuz itkiləri İrana boşluqlara dolmaq üçün fürsət təqdim edir. İranın özü də ABŞ-yə əbədi müqavimət göstərmək həvəs və enerjisində deyil, çünki tətbiq edilən sanksiyaların ağırlığını qaldırmaq ona müyəssər olmur. Beləcə, qarşılıqlı ehtiyac dairəsi yaranır, İranın uranı zənginləşdirməsi Vaşinqton-Tehran arasında gizli danışıqları labüd edir. Xamenei də həmin gizli danışıqlara dair məlumatların işığında göstərir ki, qarşılıqlı güzəştlərlə anlaşmaq mümkündür. ABŞ başa düşür ki, diplomatik yollarla İranı öz ambisiyalarından çəkindirmək gücündə deyil, lakin o, İsrailin nüvə təsisatlarına aviazərbələr endirməsi planlarını da ikiəlli dəstəkləmir. ABŞ üçün sərfəli olan uranı zənginləşdirmək proqramını dondurmaq üçün Tehranı razı salmaqdır, hərçənd, bunun özü də İranı nüvə danışıqlarında əlverişli mövqeyə çıxara bilər. Hər halda, görünən mənzərə belə deməyə əsas verir ki, İranın nüvə proqramı ilə əlaqədar danışıqların parametrləri yenidən təyin edilir. Bunu 2015-ci ildə “altılıq ölkələri” ilə İran arasında əldə edilən nüvə sazişinin canlandırılması kimi yox, yeni düzənə uyğunlaşdırılan hərəkət kimi başa düşmək olar. İranla ABŞ-nin “altılıq” formatdan kənar danışıqları zamanı şifahi razılaşmaların əldə olunduğu ehtimalı var, yayılan bəzi informasiyalar bunu təsdiqləyəcək xarakterdədir – hərçənd, Tehran iddiaları rədd edir. Düşünmək olmaz ki, bu, dönüş nöqtəsi yaradacaq, çünki İslam Respublikası özünün nüvə silahı hazırlamaq prinsiplərinə sadiqdir və bu amili xarici siyasətində çevik həmlələr üçün istifadə edir. Bu çək-çevirlərə İsrailin necə reaksiya verəcəyi maraq doğurur, indidən söyləmək olar ki, Təl-Əviv İrana qarşı hibrid müharibə vasitələrini ayağa qaldıraraq Tehran üçün yeni çətinliklər yaradacaq. Buraya iranlı nüvə alimlərinin ölümündən tutmuş, nüvə obyektlərinə qarşı tuşlanan genişmiqyaslı kəşfiyyat əməliyyatları daxildir. Aqşin Kərimov Şəffaflıq.az
Facebook-da paylaş