Seyid Əzimin nəticəsi Azərbaycana gəlmək istədi, Novruz Məmmədov mane oldu
2013-cü ildə Daşkəndi tərk edəndə son görüşdüyüm ailə Seyid Fatma Seyid Əzim Şirvaninin nəvə-nəticəsi oldu. Ona söz verdim ki, Azərbaycana gəlməsi, köçüb burda yaşaması üçün əlimdən gələni edəcəm, jurnalist imkanlarından istifadə edib məsələni gərəkli yerlərə çatdıracam. Düz 7 il döymədiyim qapı, ərk edib, ağız açmadığım dost qalmadı...
Hamısı "Hə” dedi, ancaq səsimizi yuxarılara çatdırmadılar.
Mən Seyid Fatmadan ayrılmazdan əvvəl onun haqqında böyük çəkiliş aparmışdım. Ümid edirdim ki, onun haqqında çəkdiklərimi maraqlı bir sənədli film edib, Azərbaycanda təqdim edəcəm. Əfsuslar olsun ki, həmin dövrdə məni məcburi şəkildə, heç bir əmək intizamına və qanununa əməl edilmədən Azərbaycan Televiziyasının rəhbərliyi tutduğum vəzifədən geri çağırdı.
Sonradan da videoyazı əlimdə qaldı. Bəlkə də həmin videoyazı filmə çevrilib televiziya ekranlarından nümayiş olunsaydı, məsələ rəhbərliyə çatardı və Seyid Fatma Quliyeva da Vətən həsrəti çəkməzdi.
Seyid Əzim Şirvaninin nəticəsi Seyid Fatmanın çəkdiyi keşməkeşlər, başına gələn dözülməz olaylar haqqında geniş bir yazı hazırladım. Sonrada o yazını və məktublarımı çox yerə göndərdim. Görünür mənasız bir məktub kimi fikir vermədilər, zibil qutusuna atdılar.
Lakin 2018-ci il yanvar ayının əvvəllərində Fatma xanımla danışdım, dedi ki, səfir Hüseyn Quliyevin xahişi ilə azərbaycanlı iş adamları Mirfalah Cabbarov və Cavid Səbzəliyev onlara Daşkənd şəhərindəki Sergeli rayonunda mənzil alıb hədiyyə ediblər.
Xəbər məni çox sevindirdi. Onunla bağlı narahatçılığım bir az səngidi. Seyid Fatma Quliyeva məndən Daşkəndə nə zaman gələcəyimi soruşdu. Sonra da Bakıya gəlmək məsələsinin bu qədər yubandığındanə nigaran olduğunu dedi. And-aman etdim ki, ey böyük kişinin xələfi, Hüseyn müəllim də, mən də bu iş üçün çalışırıq.
Elə bu arada, Şamaxıdan deputat seçilmiş Elxan Süleymanovla axır ki, görüşə bildim. Böyük şəxsiyyətin nəticəsinin arzusunu ona da çatdırdım. Deputat köməkçisinə bu işi başlayıb sona çatdırma, yəni ananın Bakıya gətirilməsi üçün tapşırıq verdi. Lakin... bu dəfə də köməkçi işini yarımçıq qoydu.
Və mən yarımçıq qalan bu işdən sonra bir daha Fatma xanıma telefon açmadım. Elxan Süleymanov da mənim son ümidim idi. Utanırdım. O gözəl simalı, mələk üzlü anaya verdiyim sözü tuta bilmədiyimə, özümün gücsüzlüyümə utanırdım.
Düz 7 il sonra, 9 yanvar 2020-ci il, gündüz saatlarında tanımadığım nömrədən zəng gəldi. Dedilər Heydər Əliyev Fondunun Regional İnkişaf Birliyindəndir. Onlara Seyid Fatma haqqında ötən ilin sonunda yazdığım məktubu nəzarətə götürmək tapşırılıb. Heydər Əliyev Fondu Seyyid Əzim Şirvaninin nəticəsi Fatma Quliyevanı Azərbaycana gətirmək istəyirdi. Mənim və Fatma xanımım arzusu 7 ildən sonra həyata keçəcəkdi.
Mənə zəng edən şəxslə söhbəti yekunlaşdıran kimi, Özbkistandakı səfirimiz Hüseyn Quliyevlə əlaqə yaratdım. Sevinə-sevinə xəbəri ona çatdırdım,dedim ki, Hüseyn müəllim, bizim birgə səylərimiz axır ki, öz nəticəsini verdi.
Hüseyn müəllimlədən ağır xəbər eşitdim. Dedi ki, Seyid Fatma xanım 2019-cu il iyun ayının 7-də bu dünyadan Vətən həstəti ilə köçdü. Bu sözləri deyəndə səsinin necə titrədiyini duydum.
Ölkəmizin Özbəkistandakı fövəqladə və səlahiyyətli səfiri Hüseyn Quliyev 2013-cü ildə Seyid Əzim Şirvaninin Daşkənddə nəticəsi olduğu xəbərini eşidən kimi xanımla görüşmək istəmişdi və iki saat sonra Azərbaycan səfirliyində bu görüş baş tutmuşdu. Həmin gündən də cənab səfir öz səlahiyyətlərindən istifadə edərək, Azərbaycanın müxtəlif instansiyalarına məktublar yazaraq, böyük mütəfəkkirin nəticəsinin heç bir sənədi olmadığını, ona Azərbaycan vətəndaşlığının verilməsi zərurətini və babasının Şamaxıdakı məzarını ziyarət etmək arzusunda olduğunu rəsmi yazışma və sənədlərlə çatırdı. Səfir Hüseyn Quliyev bu ailəni sözün əsil mənasında himayəyə götürdü.
Ötən 7 il ərzində dəfələrlə cənab səfirə zəng edib, işin hansı mərhələdə olduğunu soruşurdum. Hər dəfə də deyirdi ki, inan ki, mən özüm də artıq o qadından utanıram, cavab gözləyirəm ki, onu Bakıya göndərim.
Cavab isə gecikir, gecikirdi. Sonra isə Bakıda etibarlı mənbələrdən öyrəndim ki, səfir Hüseyn Quliyevin məktubu o zaman Prezidentinin Xarici siyasət məsələlər üzrə köməkçisi olmuş Novruz Məmmədova həvalə edib.(söhbət 2013-2015-ci ildən gedir) Səfirliyin narahatçılığına baxmayaraq, məktubun taleyi ilə şöbədə heç kim maraqlanmayıb.
Beləcə, Novruz Məmmədov bu işə etinasız yanaşaraq əhəmiyyət verməyib, Seyid Fatma Quliyevanın barəsindəki məktub bir daha üzə çıxmayıb. Sən demə, administrasiyanın qeyd olunan şöbəsindən səfirliyə bildirilib ki, Seyid Fatmanın 1992-ci ildə ailə həyatı quran qızı Nərgiz Mehtiyevanın həyat yoldaşının guya "erməni əsilli” olması səbəbindən onların Azərbaycana gəlməsi arzuolunmaz hesab edilib. Halbuki Səfirlik araşdırmalarının nəticəsi olaraq bu xəbərin yanlış olduğunu N.Məmmədovun köməkçisinə çatdırıb. Nərgiz xanımın əri elə 90-cı illərin sonunda Rusiyanın Moskva şəhərinə köçüb, Nərgiz öz anası Fatma Quliyevanı Tacikistanda tək qoymayıb, ərindən ayrılmağa üstünlük verib. Bir il ötdükdən sonra isə Nərgizin həyat yoldaşı dünyasını dəyişib. Bu, bir insan taleyidir. Yəni belə talelərin üzərində siyasi oyun qurmaq rəzalətdir.
Nərgiz birgə nigahdan olan oğlunu anasının köməyilə tək böyüdüb. Fransızdilli Novruz Məmmədov Seyid Əzim Şirvaninin nəticəsi və xələflərini Azərbaycana düşmən hesab edib. Həmin vaxtlarda isə Azərbaycanda nə qədər erməni əsilli vətəndaşımızın yaşamasından xəbərdar olsa da, Vətən həsrəti çəkən bir ananın arzusunu yerinə yetirmək üçün heç nə etməyib. Bu məsələni araşdıranda mənə həmin məktubların taleyini danışan adama dedim ki, gərək cənab səfir, Novruz Məmmədova məktubu fransızca yazıb, Seyid Əzim Şirvaninin necə böyük dəyər olduğunu xatırladaydı.
... Özbəkistandakı səfirliyimizdən Fatma xanımın həyatda olmadığı xəbərini alandan elə bil ki, həyatım alt-üst oldu. Həmin axşam qızı Nərgiz xanıma telefon açdım. Səsimi eşidən Nərgiz xanım, telefonun o başında "Aidaaaaa”- deyib haray çəkdi. "Anam səni arzulayırdı, anam son nəfəsinə qədər səni gözlədi... Deyirdi ki, o qız belə etməzdi, nə oldusa, ona mane oldular, o söz vermişdisə, gəlməliydi...”.
Nərgiz söhbətinə davam etdi:
- Anam həmişə deyirdi ki, Aida olmasaydı, mən səfirlik tanımazdım. Onun səbəbinə biz evli-eşikli olduq. İstəyirdi ki, səni görüb əllərindən öpsün. Ən böyük arzusu bu idi. Axı bizim 1992-ci ildən sonra heç vaxt evimiz olmamışdı. Özünüz görürdünüz ki, necə ağlr şəraitdə yaşamışıq. Sağ olsun, Hüseyn müəllim, anama qardaş oldu, bizə atalıq etdi. Hər bayram bazarlıq edib, bayram payımızı göndərdi. Maddi yardım etdi. Daşkənddəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi və Səfirlik bizim himayəçimiz oldular. Bir gün də baxdıq ki, evə dörd nəfər kişi gəldi. İçəri keçəndə, anam heyrətləndi. Onlardan birinin üzünə baxıb "Ay Allah, mən necə xoşbəxt adamam, evimə Alim Qasımov gəlib”- deyə kövrəldi.
Alim Qasımovla gələn kişilər də yataqxanadakı birotaqlı ev şəraitimizi gördülər. Çıxıb gedəndə anamın cibinə xərclik qoydular. Bizim sənədimiz qaydasında olmadığından normal bir yerdə hüquqi qeydiyyata düşə bilməmişdik və bu səbəbdən işləyə bilməmişik. Ona görə də daim ehtiyac içərisində yaşamışıq. Qonaqlar gedəndən sonra anamın cibindəki pulları görəndə heyrətləndim. Çox sevinirdik, bizim heç vaxt bu qədər pulumuz olmamışdı. Bunlar hamısı Hüseyn müəllimin bizə olan ehtiramının nəticəsi idi.
Alim Qasımov və qonaqlar gedəndən 2 ay sonra bizi Səfirliyə çağırdılar və dedilər ki, evimizə gələn həmin azərbaycanlılar bizim üçün ev hədiyyə edib. Əvvəlcə inanmadıq. Belə bir möcüzənin nə vaxtsa baş verəcəyinə inanmırdıq...
Sanki nağıla düşmüşdük. İnana bilmirdik ki, bizim də hamamız, mətbəximiz var. Anam elə hey otaqları gəzib sevinirdi. Yeni evimizdə təzəcə rahat yaşamağa başlamışdıq ki, anam xəstələndi. Maddi vəziyyətimiz ucbatından anamı xəstəxanaya apara bilmədim. Yalvarırdım ki, ana, özüm sənə baxacam, kömək edəcəm, gecə -gündüz işləyəcəm. Maddi ehtiyac üzündən xəstəliyini gizlədirdi, xəstəxanaya getmək istəmirdi. Xəstəliyi dərinləşəndən sonra onu şəhər xəstəxanasına yerləşdirməyə məcbur oldum.
Və əlacsız qalıb yenə bu ağır anda Səfirliyi köməyə çağırdım. Səfirliyin işçisi gəlib, Hüseyn müəllimin yardımını bizə çatdırdı. Daşkənddəki azərbaycanlı iş adamı Nazim müəllim yanımızda gəldi, lakin anamı xilas edə bilmədik.
2019-cu il iyun ayının 7-də anam "Vətən”- deyib həsrətlə bu dünyadan köçdü. Son sözü də bu oldu ki, mənim minnətdarlığımı Aidaya çatdırarsan. Anam dedi ki, dünyadan rahat köçürəm, indi sizin yaşamağa öz eviniz var. İndi isə mən rahatam ki, anamın sözünü sizə çatdırdım. Azərbaycan Səfirliyi və Daşkənddəki azərbaycanlılar anamı çox böyük hörmətlə dəfn etdilər”.
- Tanrı Fatma ananın yerini behişt etsin, Nərgiz xanım. İndi Daşkənddə böyük qardaşınız Fariz və siz öz ailənizlə yaşayırsınız. Fatma xanım Şamaxını istəyirdi, bəs siz necə?
- Anam bu həyatda çox arzularına çatmadı. Baba yurdunu görmək, bizə də o yerləri göstərmək istəyirdi. Səfirliyin dəstəyi ilə bizim sənədlərimiz hazırlanır. Çünki indi evimiz olduğuna görə 1 ildən sonra mənə vətəndaşlıq verəcəklər. Ömrümün böyük hissəsini burada yaşamışam. Anamın vəsiyyətinə uyğun olaraq gəlib ulu babamızın məzarını ziyarət etmək istəyərik...”.
Seyid Fatma xanım bu dünyadan nigaran köçdü. Həsrətli köçdü. Düşünəndə ki, onun arzusunun həyata keçməsinə hansısa ambisiyas özündən yüksək olan bürokratlar mane olub, deməyə söz tapmırsan. Ancaq ki, bir insanı gözü yaşlı qoyan, vətən həsrətində dünyadan köçməsinə səbəb olanlar, siz bu dünyada necə yaşayırsınız? Bilirsinizmi ki, bu böyük günahınıza görə Tanrı qarşısında cavab verəcəksiniz.
Sonda məsələ ilə bağlı Azərbaycanın Özbəkistandakı səfirliyinin kiçik arayışını diqqətinizə çatdırırq.
Seyid Əzim Şirvaninin nəticəsi Özbəkistanda ev ilə təmin olundu. Bildiyimiz kimi görkəmli Azərbaycan şairi, maarifçisi Seyid Əzim Şirvaninin nəticəsi Fatma Əminağa qızı Quliyeva uzun illərdir ki, Özbəkistanın paytaxtı Daşkənd şəhərində yaşayır. O, 1941-ci ilin fevral ayında Türkmənistanın Aşqabad şəhərində anadan olub. Atası Əminağa Bakıda, anası Xədicə xanım isə Aşqabadda dünyaya göz açıb. Anasının anası Seyid Əzimin doğma qızı Seyid Fatma olub. Qeyd edək ki, 77 yaşlı Fatma Quliyeva vətəndaşlığı olmadan Daşkənd şəhərində yaşayış üçün acınacaqlı olan və şəraiti olmayan bir yataqxanada ehtiyac içində ömür sürür. Fatma Quliyeva Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyevə müraciət edərək, səfirlikdən dəstək xahiş etmiş, hətta Azərbaycana qayıdaraq, vətəndaşlıq alaraq öz ata yurdunda həyatını davam etmək istədiyini bildirib.
Lakin dəfələrlə Səfirlik Azərbaycanın aidiyyatı qurumlarına müraciət etsə də məsələ ilə əlaqədar müsbət cavab ala bilməyib. Fatma Quliyevanın həyat şəraitinin acınacaqlı olması, habelə onun yaşlanması və bu vəziyyətin davam etməsi Səfir Hüseyn Quliyevi azərbaycanlı iş adamlarına müraciət etmək məcburiyyətində qoyub...Modern.az
Şəffaflıq.az