Dənizdə sərinləmək istəyənlər: Həftəiçi başqa, şənbə-bazar fərqli qiymət - SORĞU


Havalar isinən kimi ağıla ilk növbədə çimərliklər gəlir. İnsanlar istirahət üçün paytaxt ərazisində yerləşən müxtəlif çimərlikləri seçib, günün yorğunluğunu atmaq üçün oraya üz tuturlar.

Hər il olduğu kimi, bu il də iyunun 15-dən çimərlik mövsümü başlayır. Məlumdur ki, çimərliklərdə sezona hazırlıq işləri gedir. Amma insanları narahat edən bir məsələ hər zaman olduğu kimi aktuallığını qoruyub saxlayır. O da çimərliklərin qiymətləridir. Bəli, bəzi çimərliklərə daxil olmaq üçün adambaşı pul ödəmək lazımdır.

Bəs görəsən, çimərlik qiymətlərində ötən illə müqayisədə hansısa bir dəyişikliklər olacaqmı?

Oxu.Az-ın əməkdaşı bununla bağlı çimərliklər arasında sorğu keçirib.

Bilgəh ərazisində yerləşən çimərliklərin birindən verilən məlumata görə, çimərliyə həftəiçi giriş 20 manatdır:

“Həftəsonu yerlər məhdud olduğu üçün çimərliyə giriş 25 manat olacaq. 10 yaşa qədər uşaqlara giriş pulsuzdur. Qiymətə çimərlik, çətir, şezlonq, soyunma otağı da daxildir. Düzdür, sezon başlamayıb. Az da olsa, gələnlər var. Qiymətlərdə ötən illə müqayisədə ciddi fərq olmayacaq. Endirimli qiymətlərlə müştərilərimizin qarşısında olacağıq”.

Mərdəkan ərazisində yerləşən çimərliklərdən birindən aldığımız məlumata görə, artıq ötən gündən sezonu açıq elan ediblər:

“Çimərlik sezonun başlamasına sayılı günlər qalıb. Artıq istilər düşəndən müştərilərimiz var. Çimməyə icazə verilməsə də, hava almaq, yorğunluqlarını atmaq üçün üz tutanlar var. Böyüklər üçün çimərliyə giriş 15 manatdır. Kiçiklər üçün isə 10 manat təşkil edir. lakin həftəsonu sezon zamanı qiymətlər həftəiçindən fərqli olaraq dəyişə bilər. Çimərliyə 6 yaşa qədər uşaqların girişi pulsuz olacaq”.

Nardaran ərazisində yerləşən çimərliklərdən birində isə həftəsonu qiymətlərin dəyişilmədiyini bildirilib:

“Qiymətlər standart 20 manatdır. Bu həftəsonu da belə olaraq qalır. Heç bir dəyişiklik olmur. 10 yaşa qədər olan uşaqların girişi isə pulsuzdur. Qiymətlərə hər şey daxildir. Hələ müraciət edən yoxdur. İyunun 15-i səbirsizliklə gözləyirik”.

Novxanı ərazisində yerləşən çimərliklərdən birində isə girişin 30 manat olduğu qeyd edilib:

“Bu qiymət həftəiçini təşkil edir. Sezon başlayan kimi kütləvi axın olacaq. Onda həftəsonu 35-40 manat ola bilər. 6 yaşdan yuxarı uşaqların girişi ödənişlidir”.

Buzovna ərazisində yerləşən çimərliklərdən biri isə girişin ödənişsiz olduğunu söyləyib:

“Giriş ödənişsizdir. Lakin çətir altında əyləşmək istəyənlər üçün 4 nəfərlik stolun pulu 15 manat təşkil edir. Çətir altında əyləşməyənlər də olur. İstəyə bağlıdır. Müraciət edənlər var”.

Türkan ərazisində yerləşən çimərliklərdən birində də giriş ödənişsizdir:

“Giriş ödənişsizdir. Çətir altında əyləşmək istəyənlər 20 manat ödəməlidirlər. İstəyə bağlı olsa da, hər kəs çətir altında əyləşməyi seçir. Stul sayı artanda da əlavə ödəniş etməlidirlər. Sezon hələ başlamayıb. Müraciət edən yoxdur”.

Sorğumuzu ötənilki qiymətlərlə müqayisə etdik. Rəqəmlərdə ciddi dəyişikliklər hələ yoxdur.

Nəzrin Vahid

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}