Niyə Nabran yox, Batumi? - Ucuz otellər şəhərindən reportaj...

 Son bir neçə ay ərzində Azərbaycandan Gürcüstana səfər edən turistlərin sayı rekord həddə çatıb. Gürcüstan Milli Turizm Agentliyinin məlumatına görə, bu ilin ikinci rübündə Azərbaycandan qonşu ölkəyə 436 min 347 səyahətçi daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 72,8 faiz çoxdur. Gürcüstana gələn turistlərin ümumi sayında azərbaycanlılar 19 faiz təşkil edib. Hələ ehtimal olunur ki, qarşıdakı dövrdə bu nəticə bir qədər də yüksələcək.
Qonşu ölkəyə üz tutan turistlərin əksəriyyəti isə dincəlməyə Batumini – Qara dənizin Las-Veqası adlandırılan qaynar, rəngarəng, qədim və eyni zamanda müasir şəhəri seçirlər. Qədim yunan koloniyası Batisin adı ilə bağlı olan bu əsrarəngiz şəhər tarixi boyu gah gürcü knyazlıqlarının, gah Osmanlı imeriyasının idarəsində olub, 1921-ci ildən isə Acarıstan Muxtar Respublikasının paytaxtıdır. Keçmiş SSRİ-də doğulanlar bu gözəl liman və kurort şəhərini yaxşı tanıyırlar. Hələ sovet dövründən Acarıstanın paytaxtına minlərlə turist axışırdı. İllər keçdi, şəhər yeni həyatına qədəm qoydu, Gürcüstanın vizit kartına çevrildi. Sözsüz ki, bu məqamda Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin adını çəkməmək mümkün deyil. Şəhərin füsunkar görünüşünün, turizm imicinin formalaşmasında, bir sözlə, Batuminin görkəmindəki kardinal dəyişikliklərdə onun rolunu gürcülər də etiraf edirlər. Məhz Saakaşvili iqtidarı dövründə bu şəhərin aktiv piarı Gürcüstanı dünyaya tanıtdı, Batumini ölkənin yay paytaxtına çevirdi.
Bu faktdır ki, hazırda Batumi dənizkənarı kurort şəhərinin mükəmməl nümunəsidir. Amma Qafqazda, eləcə də, Azərbaycanda təbiət baxımından Batumi ilə rəqabətə girəcək azmı yer var? Götürək elə Azərbaycanın şimal zonasını, Nabranı. Mənzərəli dağlar, relikt meşələrlə dəniz sahilinin qonşuluğu bu ərazini Azərbaycanın turizm cənnətinə çevirməyə imkan verir. Nabranda sövet dövründən qalma sanatoriyaların bir hissəsi yeni otel və istirahət mərkəzlərilə əvəzlənib. Dəniz də, meşə də, təmiz hava da burada var. Hələ axtarsaq, havası Batuminin rütubətli havasından daha yaxşı olar, dənizi də daşlıq deyil, çimərlik üçün idealdır. Bəs belə olan halda niyə biletə xərc çəkirik, avtobusla 17-20 saat yol gedirik, Nabranı deyil, Batumini seçirik?
Ucuz otellər şəhəri:
Ondan başlayaq ki, turizm zonasını məşhur edən ucuz və ortabab otellərin olmasıdır. Bütün dünyada turistlər ulduzu az, qiyməti aşağı büdcəyə münasib olan gecələmək yerləri axtarırlar. Batumidə son illər bahalı otellər tikilsə də, sahil boyu, hətta birinci zonada yerləşən kifayət qədər ucuz otel, hostel və apartamentlərə rast gəlmək olar. Məsələn, dəniz kənarında yerləşən üç ulduzlu otellərdə bir nəfər üçün qiymət 40-50 manatdan başlayır. Amma daha ucuz qiymətə - bir nəfər üçün 20-25 manatdan başlayan hostellər də tapmaq mümkündür. Dəniz sahilində, birinci zonada, içərisində hər cür şəraiti olan, ailə üçün nəzərdə tutulmuş iki otaqlı apartamenti gündəlik 45-55 manata tapmaq olar. Əgər bundan da ucuz yer axtarmaq istəsək, o da mümkündür, dənizdən bir qədər aralı ərazilərdə yerləşən kirayə evlərə üz tuta bilərik.
  Görünür, azərbaycanlı turistləri Nabrandan və digər yerli istirahət mərkəzlərindən qaçaq salan səbəblərdən birincisi elə qiymətlərlə bağlıdır. Nəzərə alsaq ki, Nabran turizm infrastrukturu baxımından Batumidən çox-çox geridə qalır, amma burada qiymətlər qonşu ölkənin kurort şəhərini dəfələrlə üstələyir. Məsələn, Nabranda yerləşən lüks istirahət mərkəzlərində adi günlər üçün iki nəfərlik otağın qiyməti 60 manatdan başlanır. Bayram günlərində isə bu qiymətlər lap kəllə-çarxa qalxır. Nabranda nisbətən ucuz otel və kirayə evlər tapmaq olar, lakin onların əksəriyyətində şərait və keyfiyyət çox aşağıdır.

Qiymətlərin yüksək olması təkcə dəniz sahilində nəzərə çarpmır. Dağlıq ərazidə, Quba, Şamaxı, Şabran, Xızı, Qəbələ və digər rayonlarında yerləşən otellərdə də gecələmə qiyməti xeyli bahadır: səhər yeməyi daxil bir nəfər üçün qiymət 100-150 manatdan başlayır. Ölkə ərazisində dörd nəfərlik ailə bir həftə dincəlmək istəsə, ən azı 3 min manat xərc çəkməlidir. Göründüyü kimi, bu rəqəm orta statistik azərbaycanlı ailəsinin büdcəsinə uyğun deyil. Nəticədə, ailə bu məbləğin təxminən üçdə birini xərcləməklə Gürcüstanın Qara dəniz sahillərinə səyahət edə, bir həftə istirahət edə bilər.

Qara dəniz - daşlı, kükrəyən, amma təmiz…

İstənilən kurort şəhərinin üstünlüyü günəş, dəniz və çimərliyin olmasıdır. Qara dənizin suyu Xəzərlə müqayisədə soyuq sayılsa da, burada çimərlik mövsümü may ayından başlayır, oktyabra qədər davam edir. Qara dənizə xas daşlıq çimmək üçün çətinlik törətsə də, dənizin suyu və çimərlik zonasının təmizliyinə heyran qalmamaq mümkün deyil. İstər bulvar ərazisində, istərsə də çimərlik zolağında lupa ilə axtarsan da, bir siqaret kötüyü və ya salfet tapa bilməzsən.

Xəzər çimərliklərində isə siqaret kötüyü və salfeti ən mədəni müştərilər də ata bilər. Qumun içərisindən çıxan qarpız dilimi, çürümüş pampers, ölmüş heyvan qalıqları, yemək qırıntıları və digər iştah küsdürən nəsnələr istənilən turisti Xəzərdə çimməkdən çəkindirə bilər. Elə meşə zonası da natəmizlik baxımından dənizdən geri qalmır. Nabran meşələrinin bir kilometr dərinliyində də boş içki şüşələri, sellofan torbalar görmək adi haldır.
Qiymət və xidmət:
 
Son illər manatın kursunun zəifləməsi Gürcüstanda istirahəti azərbaycanlılar üçün bir qədər çətinləşdirib desək yanılmarıq. Lakin bununla belə, Avropanın lüks çimərliklərdə dincəlmək imkanı olmayanlar üçün Batumi ən sərfəli məkan olaraq qalır və qiymətlər istənilən halda Azərbaycandan ucuzdur. Çimərliklərdə istifadə olunan çətir və “şezlonq” üçün günlük qiymət 3 və 5 laridir (1.80-3 manat). Azərbaycanda yerli çimərliklərdə isə bu qiymətlər müvafiq olaraq 3 və 5 manatdan başlayır.

Batuminin restoran və kafelərində 4-5 il əvvəllə müqayisədə qiymət artımı gözə çarpır. Məsələn, 4 il əvvəl ləpədöyəndə tikilmiş, canlı musiqi ilə müşayiət olunan restoranda 15-20 lariyə (9-12 manat) iki nəfərlik şam yeməyi yemək mümkün idisə, indi bu rəqəm təxminən 2-3 dəfə yüksəlib. Gürcü mətbəxinin əsas nümunələrindən olan gürcü xingalının qiyməti, demək olar ki, bütün sahil zonasında yerləşən restoranlarda eynidir – bir ədədi 70-80 tetri (42-48 qəpik). Kafedə xaçapurinin dadına baxmaq istəyənlər isə təxminən 9-12 lari (5.40 -7.20 manat) xərcləməli olacaqlar (2-4 nəfərlik). Gürcü şərabı və kabab sifariş verənlər isə adambaşına təxminən 45-50 laridən (25-30 manat) keçməlidirlər.
Mətbəxdən söz düşmüşkən, burada reklamın da əvəzsiz rola malik olmasını qeyd etmək lazım gəlir. Gürcüstana gələn turistlərin bəh-bəhlə yediyi xaçapuri əslində pendir və çörəkdən ibarətdir. Sözsüz ki, dadlıdır və bişirilməsinə xeyli əmək sərf olunur. Amma Azərbaycanda ondan daha dadlı təamlar olsa da, kifayət qədər reklam olunmur. Məsələn, Şəki paxlavası, Quba paxlavası, tel halva, bamiyə, piti, plov, ləvəngi və digər sırf Azərbaycana xas olan yemək və şirniyyatların heç biri gürcü xaçapurisi qədər məşhurluq qazanmayıb.
 Təəssüf ki, Batumidə qiymətlə bağlı üstünlükləri xidmətə aid edə bilməyəcəyik. Hətta əksər məqamlarda xidmət səviyyəsi Azərbaycandan qat-qat aşağıdır. Yəni, getdiyiniz restoranda, kafedə çirkli stol, təmiz yuyulmamış qab-qacaq və ya qaba davranışla qarşılaşmaq adi haldır.

İnfrastruktur

Batumini Nabrandan üstün edən bir cəhət də mükəmməl infrastrukturunun olmasıdır. Bu şəhərdə, demək olar ki, bütün otel və mehmanxanalar, restoran, kafe, gecə klubları, diskotekalara bütün növ ictimai nəqliyyat vasitələri işləyir. Bundan əlavə, şəhər boyu xüsusi velosiped zolağı salınıb. Bir saatdan bir neçə günə qədər velosiped, moped, elektrokarları icarəyə verən köşklərə az qala yüz metrdən bir rast gəlmək olur. Batumiyə qədərki magistral və şəhərdaxili yol qovşağı beynəlxalq standartlara uyğun şəkildə təmir edilib. Nabrana aparan bərbad yol qovşağı ilə Batumi yolları müqayisəyə belə gəlməz. Təkcə bu fakt özlüyündə insanları yerli dənizkənarı istirahət zonalarında dincəlməkdən uzaqlaşdırmaq üçün yetərli sayıla bilər. Batuminin sahil zolağında dincələn əhali üçün çimərlik futbolu, voleybol, dayvinq və digər idman növlərindən istifadə şansı da üstünlük sayıla bilər.

Şəhərdə kifayət qədər çoxlu əl işləri, suvenirlər satılan köşklərlə yanaşı, moll və mağazalar fəaliyyət göstərir. Türkiyə ilə sərhəddə yerləşməsi də bu liman şəhərini ticarət baxımından əvəzsiz edir.

Bura təkcə çimərlik üçün gəlmirlər

Batumidə tarix və müasirliyin sintezi elə qurulub ki, heç bir yenilik yamaq kimi görünmür. Şəhərin mərkəzi hissəsi – “Old Batumi” daha çox köhnə və alçaq binalardan ibarətdir. “New Boulevard” hissədə isə ultramüasir binalar tikilib. İlk baxışdan şəhərin özünü kapitalizmə təslim etdiyi aydın sezilir. Şəhərdə addımbaşı yeni tikilən apartamentlərin reklam broşurlarını paylayanlara rast gəlmək olar. Kurort şəhəri üçün o qədər də yüksək olmayan qiymətlərlə təmirli və təmirsiz evlər, kirayə mənzillər təklif olunur. Şəhərdə tez-tez qarşımıza çıxan yarımçıq tikililər inşaat prosesinin hələ davam etdiyini göstərir.

Batumi akvaparkı, delfinari, gəmi turları uşaqlarla istirahət edənlər üçün unudulmaz tətil ləzzəti yaşada bilər. Əlifba qülləsi, Pizza meydanı, Əli və Nino abidəsi, Batumi cənnəti sayılan məşhur Botanika bağı, kanat yolu, Çoroxi çayının sol sahilində yerləşən I əsrə aid Qonio-Apsaros qalası, Maxunçeçi şəlaləsi, əhalinin qəribə görünüşünə görə “butılka” adlandırdığı Ədliyyə Evinin binası, “tərs çevrilmiş” Kolizey mehmanxanası və çox sayda adi çoxmərtəbəli binalar, fərqli dizaynlı kafe və restoranlar bu liman şəhərini turistlər üçün cəlbedici edir. Azərbaycanın yerli dənizsahili istirahət zonalarından fərqli olaraq Batumi təkcə çimərlik üçün deyil. Dənizi o qədər sevməyən turist belə burada kifayət qədər çox əyləncə tapa, indiyə qədər dadmadığı yeməklərdən dada bilər. Bir sözlə, Batumiyə səfər edənlər buradan gözəl təəssüratlarla qayıda bilərlər. Amma təkcə təəssüratla deyil, həm də bir neçə kiloqram artıq çəki ilə... (Virtualaz.org)


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}