APL-də mövsümün mənzərəsi: Əvvəldən bəlli olan sonluq - ŞƏRH
Azərbaycan Premyer Liqasında 2022/23 mövsümü ötən həftəsonu keçirilən oyunlarla başa çatıb. Əslində, yekun sıralama mövsümün əvvəlində proqnozlaşdırılandan çox da fərqlənmədi. Hətta sürpriz heç nəyin olmadığını da söyləmək olar. Xüsusən də, turnir cədvəlinin üst sıralarında mübarizə o qədər də gərgin alınmadı. Bir neçə tur öncədən “Qarabağ”ın qızıl, “Sabah”ın gümüş, “Neftçi”nin bürünc mükafata sahib çıxacağı məlum idi. Mövsümün müəyyən dönəmlərində “Sabah”, az da olsa, “Qarabağ”ın kürəyində nəfəsini hiss etdirsə də, bu, çempionluq uğrunda ciddi rəqabət aparmağa yetmədi. “Neftçi” üçün isə son dövrənin matçları, demək olar ki, formal xarakter daşıdı. Hələ ötən ilin avqustunda - mövsüm start götürəndə əksəriyyət “Qarabağ”ın çempionluğuna, “Sabah”la “Neftçi”nin isə ikinci-üçüncü yerləri bölüşdürəcəklərinə şübhə etmirdi. Sadəcə, kimin “gümüş”, kimin “bürünc” əldə edəcəyi sual doğururdu. “Neftçi”nin uğursuz yay transferləri, baş məşqçi Laurentsiu Regekampfla bağlı istər şəxsi həyat, istərsə də karyera baxımından saysız-hesabsız söz-söhbətlər bu komandanın hətta ikinciliyə iddia etməsinə də mane oldu. “Sabah” isə ilk dəfə doğru baş məşqçi ilə mövsümə başlamağın mükafatını aldı, tarixində birinci dəfə avrokuboklara vəsiqə əldə etdi. Aleksey Kaşuk daha tez forma yığaraq, liderliyi üzərinə götürsəydi, bakılılar, bəlkə də, çempionluq yarışında daha yaxından iştirak edə bilərdilər. İstənilən halda həm nəticələr, həm də sərgilənən oyun sabaha ümidlə baxmaq imkanı verir. Sona qədər davam edən əsas mübarizə avrokuboklara vəsiqə verən dördüncü yer uğrunda oldu. “Qəbələ” ilə “Zirə”nin qiyabi yarışının qalibini təxmin etmək də çətin olmazdı. Hər halda, bir tərəfdə stabil, gözoxşayan oyunla diqqət çəkən “Qəbələ”, digər tərəfdə isə uğursuz və gecikmiş transferlərlə sonunu hazırlayan “Zirə” var idi. Transfer məsələsində “Qəbələ”nin “Zirə”yə “dərs keçdiyini” demək olar. Aşağı büdcə ilə “nöqtə transferlər” etməyi bacaran “qırmızı-qaralar” həm Premyer Liqanı ilk “dördlük”də tamamladı, həm də Azərbaycan Kubokunda finala yüksəldi. “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov isə mövsümboyu hər məğlubiyyətdən sonra günahkar axtarmaqla uğursuzluğa müxtəlif don geyindirirdi. Yenidən Premyer Liqaya qaytarılan “Kəpəz” və yüksək dəstədə debüt mövsümünü keçirən “Turan Tovuz” çempionata əlavə rəng qatan komandalar oldular. Həm Gəncə, həm də Tovuz təmsilçisinin hədəfi elitada qalmaq idi və bunu son tura qalmadan rəsmiləşdirdilər. Ancaq hər iki komanda ətrafında mövsümün gedişində söz-söhbətlər səngimək bilmədi. Şəffaflıq.az
Facebook-da paylaş