“Necəsən?”, “Yadıma düşdün” yazan keçmiş sevgililəri həyatımızdan çıxarmalıyıq? - Mütəxəssislə MÜSAHİBƏ + FOTO
“Sosial mediada qarşımıza çıxanların hamısını potensial sevgili olaraq görməsək, qarşımızdakı insanın daha dərinlərinə baxsaq, içindəki gözəlliyi görsək, hər gün o insanı kəşf etməyə çalışsaq, doğru insan olduğunu anlarıq” Bunu “Kaspi” qəzetinə müsahibəsində Türkiyəli mütəxəssis Özgür Uysal deyib. Cütlüklər arasında ən önəmli məsələnin açıq, səmimi danışa bilmək olduğunu deyir. Bildirir ki, münasibətimizlə bağlı bizdə narahatlıq yaradan suallara ən yaxşı cavabı da qarşı tərəf verə bilər. “Danışa biliriksə, o münasibət uzun illər sağlam şəkildə davam edər” deyən müsahibimiz qadın-kişi münasibətləri üzrə mütəxəssis, məşhur türkiyəli yutuber Özgür Uysaldır. - İndi elə bir dövrdür ki, ətrafımızda insan çoxdur. Belə dövrdə seçim etmək də çətindir. Doğru insanın kim olduğunu necə bilək? - İnsanın doğruları, gözləntiləri hər gün dəyişir. Ona görə sualı belə qoymaq daha doğru olacaq: O anda o şəxs üçün doğru insan kimdir? Doğru insanı intuisiyamızla seçə bilərik. Əgər içinizdən “Deyəsən, mən bu insanı sevirəm”, “Bu insan mənə özümü yaxşı, güvəndə hiss etdirir” deyə keçirsə, o, sizin üçün doğru insandır. Əslində, doğru insanı müəyyənləşdirmək elə də çətin deyil. Ancaq seçim çoxluğu problem yaradan məsələ ola bilir. - Hansı formada? - Həm sosial media, həm də bu qədər aktiv sosial həyat bizə həddindən artıq alternativ olduğunu düşündürür. Sosial mediada qarşımıza çıxanların hamısını potensial sevgili olaraq görməsək, qarşımızdakı insanın daha dərinlərinə baxsaq, içindəki gözəlliyi görsək, hər gün o insanı kəşf etməyə çalışsaq, doğru insan olduğunu anlayarıq. Biz deyirik ki, qarşımızdakı doğru insan olsun, amma həm də beynində dolaşır ki, mən bir şey qaçırmıram ki? Bəlkə filankəs daha yaxşıdır? Bu cür düşünmək olmaz. Hər zaman daha yaxşıları vardır. Qarşımızdakı insanı özəllikləri, fərqlilikləri ilə sevsək, bizim üçün doğru insan olur. - Sevgi xoş bir şeydir. Ancaq bir müddət sonra “Sevgilin varsa, dərdin var” deyənlər də olur. Sevgili nə zaman dərd olur? - Münasibətin müəyyən mərhələləri var. İlk mərhələsi “flört” dövrüdür. Hər kəs gözəl tərəflərini göstərir. Öpüşmələr, sevişmələr, əl-ələ tutuşmalar, ayrıla bilməməklər və s. Bir müddət sonra danışmağa başlayırıq. Eşqin ilk vaxtlarda olan kor etməsi yavaş-yavaş təsirini itirir və biz insanı həm yaxşı, həm pis tərəfləri ilə görürük. Dolayısı ilə “flörtdən”, sevgililikdən o tərəfə bir dostluq da inkişaf etdiririk. Münasibət burada sınanır. Əgər bundan sonra sən sadəcə pis tərəflərə fokuslanmağa başlasan, “eşqin sehri bitdi, əvvəlki kimi deyilik” deyib keçmişə fokuslansan, o zaman dərdlər başlayır. Pis tərəflərə deyil, birlikdə nələr etməyə, stəkanın dolu tərəfinə baxılsa, “sevgilin varsa, dərdin var” deyilməz. Bəzən o dərdlər də gözəl olur. - Müasir dövrün sevgililərinin bir problemi də mesaj yazmaqla bağlıdır. Gec cavab yazdın, mən çox yazdım, sən az yazdın və s. - Təbii ki, sevdiyimiz üçün davamlı olaraq mesajlaşmaq, tez-tez görüşmək və s. istəyirik Bunu içimizdən gəldiyi qədər, vaxtımız, həvəsimiz olduğu qədər edə bilərik. Amma mesajlaşmanın miqdarını sevgi göstəricisi olaraq götürməməliyik. Bir insanın sənin yazdığın qədər sənə mesaj yazmaması səni daha az sevdiyi anlamına gəlməz. Hazırda başqa biri ilədir? Məni sevirmi? Bu kimi nəzarət məqsədli yox, amma içindən gəlirsə, sevgi sözləri demək üçün istədiyin qədər yaza bilərsən. Hər kəsin xoşuna gələr. “Mən yazdığım qədər yazmır”, “mən görüşmək istədiyim qədər görüşmək istəmir”, “məni daha az sevir” kimi qarşılaşdırma insanı yavaş-yavaş münasibətdən uzaqlaşdırır. Hər kəsin sevgi göstərmə forması fərqlidir. - Bir münasibətdə ən önəmli məsələ nədir? - Səmimiyyət və açıq danışmaq bir münasibətdə ən önəmli məsələdir. Münasibətin davam etməsini təmin edən şey isə tolerantlıqdır. Bu, insanı olduğu kimi qəbul etmək cəhətdən önəmlidir. Sən birini olduğu formada qəbul etsən, ondan böyük gözləntilərə girmək yerinə, sadəcə, onunla olan münasibətinə, sevginə fokuslansan, o münasibət uzun illər sağlam şəkildə davam edər. - Evliykən sevgili qalmaq mümkündür? - Mən 10 ildir ki, həyat yoldaşımla birlikdəyəm. Bir çox problemləri arxada qoymuşuq. Hətta ayrılıq mərhələsinə gəldiyimiz belə oldu. Amma problemlərin çölünə çıxıb böyük rəsmdə baxanda “Mən bu insanla yaşlanmaq istəyirəm” deyə bilirsənsə, orada davam edə bilirsən. Necə davam etməsi üçün də əmək sərf edilməlidir. Hər gün eyni geyimdə, eyni divanda otursaq, bir müddət sonra dünyanın ən gözəl mənzərəsinə belə baxsaq, sıxılacağıq. İnsanlarla münasibət də belədir. Münasibətdə yavaş-yavaş sıxılmalar başladısa, bağlılığı, həyəcanı geri gətirmək üçün bəzi şeylər etmək lazımdır. Gəzməyə çıxsınlar, ortamlarını dəyişsinlər, yeni yerdə görüşsünlər, yemək yesinlər, tətilə getsinlər, oyun oyansınlar, yeni bir şeylər söyləsinlər. Dolayısı ilə beynimizdəki dopaminləri partlada bilməyimiz üçün yeni bir şeylər etməliyik. - Davasız münasibət olmaz deyirlər. Hansı davalardan söhbət gedir? - Biz xoşbəxtliyi gözəl duyğu adlandırırıq, digərlərini isə pis duyğu kimi düşünürük. Amma xoşbəxtlik kimi üzüntü, qorxu, əsəb, əslində bizim həyatda qalmağımız, münasibəti davam etdirə bilməyimiz üçün lazımlı duyğulardır. Məsələn, ayıdan qorxmasan, qaçmazsan, əsəbiləşməsən, haqsızlığa səsini çıxarmazsan. Davasız münasibət olmaz. Dava münasibəti bəslər. Davalar xroniki hal almağa başladısa, bir-birlərinin yetərsizliklərindən danışılırsa, elə öküzsən, neçə gündür bunu etmirsən, günlərdir mənə “səni sevirəm” demirsən kimi davalar olursa, xroniki hala gəlibsə, onda düşünmək lazımdır. Bir-birini günahlandırmaq yerinə hər kəs bu münasibətlə bağlı nə edə biləcəyinə baxmalıdır. Bir tərəf davada hörmət xəttini keçməyə başladısa, burada artıq münasibət və bir-birinə dəyər vermək bitir. Sizinlə dava edərkən hörmətsiz davranan insanlarla sevgili olmayın. - Sevdiyimiz şəxsə nələri keçmək olar, nələri yox? - Sevgi hər şeyi bağışlayır. Ancaq burada bir məsələ var. Bir dəfə bağışlasam, bunu birlikdə həll edəcəyik? Bu, mənə özümü çox pis hiss etdirdi. Biz bunun öhdəsindən gəlsək, mən sənə güvənə bilərəm? Qarşıdakı “Çox üzr istəyirəm. Mənim üçün bir xəta idi, bir də etməyəcəm” deyirsə, hər şey bağışlana bilər. Əgər qaşındakı sənə hörmətsizlik edəcək səviyyəyə qədər gətirdisə, sən bağışladıqca eyni xətanı 2-3-cü dəfə təkrarlayırsa, sən daha yaxşılarına layiqsən (Gülür). - Keçmiş sevgililərlə bağlı fikirlərinizə çox rast gəlirik. Onlardan da danışaq. Keçmiş sevgililər həyatımızda olmalıdırlar? - Əgər dost, tanış kimi qala bilirlərsə, o cür ola bilər. Münasibət bitdi deyə, insanlarla əlaqəni tamamilə bitirməyə məcbur deyilik. Ancaq onlar bizim münasibətimizə davamlı olaraq zərər vurursa, məncə, həyatımızdan çıxarmağımız lazımdır. Yəni davamlı şəkildə sənə görə narahatlığını bildirib “Necəsən?”, “Yadıma düşdün”, “Yuxuda gördüm” yazan keçmiş sevgililəri həyatımızdan çıxarmağımız lazımdır. O cür arayıb-axtaranların dərdi boşluqdur. Sevgili tapsa, sizi axtarmayacaq. Sevgilisi varkən belə axtarırsa, artıq həmin şəxsin xarakterində problem var. Münasibətimiz olduğunu bilirsə, amma buna hörmət etmirsə, biz də ona hörmət etməyə məcbur deyilik. “Mən bu söhbətimizdən narahat oluram, bir sevgilim var. Mənə mesaj yazmağını istəmirəm” deyib uzaqlaşdırmaq olar. Çünki bir münasibəti iki nəfər yaşayır. Üçüncü adam ora girirsə, əvvəl-axır problem yaranır. Şəffaflıq.az
Facebook-da paylaş