Abdullah Zubir: “Neftçi” asanlıqla təslim olacaq komanda deyil” - MÜSAHİBƏ
Azərbaycan Premyer Liqasının XXXII turunda “Neftçi”nin qonağı olan “Qarabağ” 4:2 hesablı qələbə qazanaraq, çempionluq yolunda daha bir önəmli addım atıb. Ağdam təmsilçisinin qalibiyyətində fransalı yarımmüdafiəçi Abdullah Zubir də pay sahibi olub. Qarşılaşmanı yüksək səviyyədə keçirən 32 yaşlı hücuma meyilli oyunçu son nöqtəni qoyan qola da imza atıb. Mərakeşəsilli futbolçu oyunla bağlı “Report”un suallarını cavablandırıb. - “Neftçi” üzərində 4:2 hesablı qələbə qazandınız. Oyun barədə nə deyə bilərsiniz? - Bu nəticəyə görə çox xoşbəxtik. “Neftçi” kimi rəqibə səfərdə qalib gəldiyimiz üçün sevincliyik. Əsas 3 xal qazanmaq idi, bunu da bacardıq. - Rəqibin müdafiəçisi Vojislav Stankoviç 31-ci dəqiqədə qırmızı vərəqə aldı. Demək olar ki, bu amil işinizi daha da asanlaşdırdı? - Xeyr, heç də asan olmadı. Çünki “Neftçi” asanlıqla təslim olacaq komanda deyil. Rəqib müdafiədə kompakt oynayır, sürətli əks-hücumlara çıxırdı. Hətta əks-hücumların birində qol da vurdular. İkinci hissədə daha bir dəfə fərqləndilər. Bir sözlə, asan oyun olmadı. - 80-ci dəqiqədə baxımlı qola imza atdınız... - Nə deyə bilərəm? Top gələrkən rəqib qapısına tərəf yaxşı çevrildim. Ondan sonra fikrim yalnız irəliləyib qol vurmaq idi. Fərqləndiyim üçün sevincliyəm. - “Neftçi” artıq iki ildir ki, “Qarabağ”ı məğlub edə bilmir. Bu, paytaxt təmsilçisinin sizin üçün asan rəqib olduğu anlamına gəlmir? - Bu fikirlə razılaşmıram. “Neftçi” heç vaxt asan rəqib olmayıb. Statistikanı dəqiq bilmirəm, ancaq biz bu qarşılaşmalara çox ciddi hazırlaşırıq. Onların heyətində hər zaman təhlükə yarada biləcək keyfiyyətli futbolçular var. - Bir müddətdir ki, Azərbaycan millisində çıxış edəcəyinizlə bağlı məlumatlar yayılır. Bu, nə dərəcədə realdır? - Gələcəyin necə olacağını bilmirəm. Həqiqətən bu barədə heç nə deyə bilmərəm. - Eyni zamanda, adınız Türkiyə klubu “Samsunspor”la birgə hallanır. Ora köçməklə bağlı planınız varmı? - Bu barədə də nəsə deyə bilmərəm. Çünki “Qarabağ”la müqaviləm davam edir. - Yeni uzunmüddətli müqavilə barədə düşünmürsünüz? - Buna rəhbərlik qərar verəcək. Şəffaflıq.az
Facebook-da paylaş