Aynur Camalqızı:Qadına qarşı düşüncə tərzi, münasibət dəyişməlidir

 Qadın zorakılığı kifayət qədər aktual və həssas mövzudur və ziyalılar, media mənsubları, ictimai-siyasi xadimlər bu mövzunu xüsusi diqqətdə saxlamalıdırlar.
Şəffaflıq.az xəbər verir ki, bu sözləri Şərq.az-a açıqlamasında Teleqraf Holdinqin baş direktoru Aynur Camalqızı dünən Nizami küçəsində bir qrup feminist qadının “Şiddətə susma!”, “Şiddətə dözmə!” şüarları ilə keçirdiyi aksiyaya münasibət bildirərkən deyib.
A.Camalqızı aksiyanın icazəsiz olması məsələsinə də toxunub:
“Hesab edirəm ki, aksiya da mövzunu gündəmə gətirmək üçün bir formadır, ancaq əlbəttə, qanunvericiliklə nizamlanmalıdır ki, zorakılığa qarşı çıxanlar zorakılıqdan şikayətlənməsin”.
A.Camalqızı qeyd edib ki, bu yöndə ciddi şəkildə maarifləndirici işlərinin aparılmasına ehtiyac var:
“Bu istiqamətdə ölkənin aparıcı media orqanlarının imkanlarından və sosial şəbəkələrdən istifadə etmək mümkündür. İnsanların qadına qarşı düşüncə tərzi, münasibəti dəyişməlidir. Məişət zorakılığı ciddi məslədir və ailə institunun dayaqlarını sarsıdır. Müvafiq qanunvericiliyimizdəki bəzi boşluqlar var ki, onlarla bağlı millət vəkillərinin iştirakı ilə dəyirmi masalar keçirilməlidir. Bu məsələdə vətəndaş cəmiyyəti də aktiv olmalıdır”.
A.Camalqızının qənaətincə, qadın hüquqları ilə məşğul olan mütəxəssislər dünya təcrübəsindən müsbət nümunələr götürərək, qanunvericiliyimizdəki boşluqların doldurulması üçün dəyişiklik təşəbbüsü ilə çıxış edə bilərlər:
“Lakin ilk növbədə düşüncə dəyişməlidir. Beyinlərdə qadınla bağlı daşlaşmış bir münasibət var. Hansı ki, bu düşüncələr qadını bir çox hallarda məhv edir və onu məişət zorakılığının qurbanına çevirir. Bu gün bütövlükdə Azərbaycanda qadına münasibət qənaətbəxş deyil. Təəssüflər olsun ki, bəzi bölgələrimizdə qızlar məktəbdən yayındırılır, nikah yaşına çatmadan ərə verilir. Bu, olduqca qorxulu tendensiyadır. Bəzi valideynlər düşünür ki, qızlarını tez ərə verməklə problemdən yaxa qurtarır. Amma başa düşmür ki, sabahı gün problem daha ağır formada onun üstünə qayıdır. Valideynlər mütləq qız övladlarının təhsilinə önəm verməlidirlər. Ailələr qız övladlarını elə yetişdirməlidirlər ki, onların heç kimə - nə ataya, nə qardaşa, nə ərə qarşı maddi asılılığı olsun, öz ayağının üstündə dura bilsin. Bu isə ilk növbədə təhsildən asılı olan məsələdir. Təhsilə diqqət yetirməliyik. Səhv etmirəmsə, artıq Ukraynada övladlarını orta məktəbdən yayındıran valideynlər üçün cinayət məsuliyyəti var. Düşünürəm ki, Azərbaycanda da bu məsələ müzakirəyə çıxarılmalıdır. Heç bir valideynin övladını orta təhsildən yayındırmağa ixtiyarı yoxdur. Bu cür metodlarla və xüsusilə maarifləndirməni gücləndirməklə xoşagəlməz halları tədricən aradan qaldırmaq olar”.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}