İsrail-İran ritorikası müharibə həddində: Tehran Azərbaycana qarşı tonunu yüksəldir - TƏHLİL
İranla İsrail arasındakı ritorikanın real müharibə həddinə qədər sərtləşməsi qlobal risklər üçün əlavə dəyər yaradır. İranın uranı 84 faizə qədər zənginləşdirməsi onun nüvə dövlətləri ailəsinin üzvü olması yolunda ambisiyalarını göstərir. Beynəlxalq ictimaiyyət Rusiya-Ukrayna müharibəsinin bir illik nəticələrini təhlil edərkən ortaya çıxan yeni dərdlər münaqişənin miqyasının genişlənməsinə gen-bol fürsət verir. İran uranı nüvə silahı səviyyəsində zənginləşdirməyə yaxınlaşdıqca İsrail bunu ekzistensial təhlükə kimi görərək hərəkət edir. İranla İsrailin davakar ritorikası iki ölkə arasında müharibə və ya ona bərabər tutulacaq hadisələrin olacağının anonsu kimi başa düşülə bilər. İran məqsədinə çatana qədər nüvə proqramı ilə bağlı təhrifedici rəy yaratmaq istəyir, guya bu, elmi və dinc məqsədlərə xidmət edir. İkinci bir tərəfdən, İran uranın 84 faiz həcmində saflaşdırılmasını təkzib edir, ancaq əldə etdiyi və açıqlamadığı nəticələrin arxasına sığınaraq təhdid etmək şakərini yuxarı mərtəbələrə qaldırır. ABŞ ilə İsrail müttəfiqliyi İranın girdiyi yolun təhlükəli sonluqlara doğru getdiyini dünyaya dərk etdirmək istəyir. Paralel şəkildə İrana qarşı birgə tədbirlər proqramını icra etməkdə israrlı olduğunu göstərmək üçün hərbi əməliyyatlara başlamaq səlahiyyətlərinə və imkanlarına işarə edir. İranı cəzalandırmaq aktının ssenarilərini effektiv yazmaq üçün ABŞ ilə İsrail İranın qonşuluğundakı ölkələrin də rəyini öyrənmək məcburiyyətindədirlər. Azərbaycan həmin ölkələr içərisində eksklüziv strateji qiymətə malikdir. Çünki İran nüvə silahı vitrininə əlini uzatdıqca, Azərbaycana qarşı hədə səsini yüksəldir və Azərbaycanın İsraillə dərinləşən əlaqələrini həzmə verməyəcəyini deyir. İran dəfələrlə elə Azərbaycanın prinsipiallığı və qurduğu mexanizmlər sayəsində geri oturdulub, lakin məsələ bu dəfə daha təhlükəli şəkil almaqdadır. Çünki hadisələr və proseslər daha sərt qərarların fonunda növbəti mərhələlərə adlayır, xüsusilə İsrail İranın müdafiə sənayesi obyektlərini zərbə altına qoyduqdan sonra bu gərginlik bir neçə dəfə artıb. Azərbaycan İsrail üçün İrana qarşı taktiki üstünlüklər vəd edən coğrafiyadır, lakin Bakı bir qərarında qətiyyət göstərir: Azərbaycan üçüncü ölkəyə müdaxiləyə imkan verməyəcək. Hərçənd ki, İran Cənubi Qafqazda Azərbaycanın əleyhinə çevrilə biləcək cəbhə formatını təsis etməklə nüvə ambisiyalarının davamını gətirmək istəyir. İran beynəlxalq təcridə məruz qalması, daxildəki problemlərin qalaq-qalaq yığılması, Azərbaycanın öz tərəfdaşları ilə düzgün iş apara bilməsi səbəbindən istədiyi xətti yaratmaqda xeyli çətinlik çəkir. Hissləri və nifrəti qırılıb içərisinə tökülən İran alternativ olaraq elə hərbi hədə ritorikasından yapışmağı çarə kimi görür. Bu mənada İran qoşunlarının bir nömrəli döyüş hazırlığı vəziyyətinə gətirilməsi və uzaqmənzilli raketlərin ölkənin bütün ərazisi boyunca məxfi ərazilərdə yerləşdirilməsi barədə məlumatlar həqiqət kimi görünür. İranın əsas məqsədi İsrailə və ABŞ-nin Yaxın Şərq üzrə bazalarına zərbələr endirmək görüntüsü yaratmaqdır. Ola bilsin ki, İran raketlərinin yerləşdirilməsi İsrailin zərbəsinin şərti vaxtı ilə bağlı daxil olan məlumatlara cavabdır. Ancaq İran illüziyaların və reallıqların arxasından Azərbaycana qarşı barmaq silkələmək cəhdlərini nümayiş etdirir. Bu cəhdlər, əvvəlki illərdəki kimi, İran üçün zərərli olacaq cəbhələri aktivləşdirmək zərurətlərini aktuallaşdırır. İran başa düşür ki, Azərbaycana qarşı hər hansı hərbi təhdid Türkiyənin prosesə cəlb edilməsi deməkdir, belə bir vəziyyətdə İran Türkiyə ilə baş-başa gəlməkdən çəkinər. İkincisi, Azərbaycan əleyhinə bəhanələrin bəhanələrə calanması İranı cəzalandırmaq istəyən ABŞ-İsrail tandeminin, Britaniyanın maraqlarına zidd addımlardır. Bu baxımdan ABŞ, İsrail və Böyük Britaniya Azərbaycanı dəstəkləyən mexanizmləri gücləndirməkdə qətiyyətlidirlər. ABŞ-nin Avropa Komandanlığının tərəfdaşlıq, təhlükəsizlik və siyasət imkanları üzrə direktor müavini briqada generalı Edvard Voqanın Azərbaycana səfəri və Müdafiə Nazirliyində müzakirələr keçirməsi İran gündəliyi fonunda maraq doğurur. Yəni nəticə olaraq deyə bilərik ki, Azərbaycan İrandan gələn təhdidlərə qarşı təhlükəsizlik arxitekturasını Türkiyə ilə yanaşı, ABŞ-İsrail müttəfiqliyi və Britaniya ilə təmas şəklində qurur. Bu tərz İrandakı türk kimliyinə vurğular kontekstini böyüdəcək. Bu prosesə İsrail mediası da qoşulub və görünür ki, məna yükü daha çox İsrailin dərin strategiyası tərəfindən ötürülən tezislər üzərindədir... Aqşin Kərimov Şəffaflıq.az
Facebook-da paylaş