Laurentsiu Regekampf: “Bu gün qələbə qazanmağa çox yaxın idik”
“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf futbol üzrə Azərbaycan Premyer Liqasının XXIV turunda “Qarabağ”la matç barədə fikirlərini bildirib. Şəffaflıq.az xəbər verir ki, o, oyunsonrası mətbuat konfransında 1:1 hesablı heç-heçəyə razılaşdıqları oyunu belə şərh edib: “Bu gün 3 xal qazanmaq istəyirdik. Oyuna belə hazırlamışdıq. Futbolçulara demişdim ki, meydana qələbə üçün çıxırıq. Açıq oyun gedirdi. İki yaxşı komanda mübarizə aparırdı. Hesabı 2:0 etmək şansımız var idi. Ondan sonra “Qarabağ”ın 100 faizlik epizodları oldu. Ata Caberi itirdik. O, mərkəzdə vacib oyunçudur. Nəticə ədalətli oldu”. Rumıniyalı mütəxəssis komandasının digər rəqiblərə qarşı belə oynaya bilməməsini bu cür izah edib: “Çalışırıq, bütün matçlarda belə oynayaq. Amma eyni zamanda xallar da qazanmalıyıq. Bu gün iki güclü komanda çıxış edirdi. Digərləri isə daha çox qapanıb çıxış edir. Belədə, gedişat da fərqli olur”. Çalışdırıcı matçdan sonra komandanı meydanın mərkəzində toplayıb onlara nələr söylədiyini açıqlayıb: “Futbolçulara dedim ki, bu gün qələbə qazanmağa çox yaxın idik. Sözün əsl mənasında məqsədimiz qalib gəlmək idi. Amma nəticə və oyundan razı qalmalıyıq. Çox sadə qol buraxdıq. Cinahı bağlamalı idik. Qarabağın oyunçusuna ötürmə etmək imkanı verməməliydik. Proses davam edir. Daha yaxşı olmaq istəyirik. Çalışıram, futbolçulara yeridim ki, “Neftçi” böyük klubdur. Bu formanı daşımağın ağırlığı var. Bunu lazım olan kimi qəbul etməsən, hər oyun çətin olacaq”. Regekampf rəqibin rotasiyalarla çıxış etməsi, amma “Neftçi”nin ən güclü oyunçuları ilə qalib gələ bilməməsi ilə bağlı sualı belə cavablandırıb: “Qarabağ”ın hətta ehtiyat oyunçuları çox yaxşıdır. Onların 4 zədəli futbolçusu da var və çox yaxşı çıxış edirlər. Böyük təcrübəyə malikdirlər. Biz də bunun üzərində işləyirik. Vaxt lazımdır ki, bəzi problemləri aradan qaldıraq”.
Facebook-da paylaş