İsrailin “Ukrayna sirri” - TƏHLİL


Volodimir Zelenski İsrailin Rusiya-Ukrayna müharibəsinin tənzimlənməsində vasitəçi olmasına qarşı çıxdığını elan edib.

Ukrayna prezidenti keçirdiyi mətbuat konfransında deyib ki, İsrailin moderator olmasını deyil, müharibədə Ukrayna tərəfini seçməsini gözləyir.


Ancaq İsrailin Rusiya ilə münasibətlərinin ruhu gərgin notlara deyil, tərəfdaşlığa, hətta gizli məlumat mübadilələrinə əsaslanır.

İsraili narahat edən tendensiya Ukrayna müharibəsinin Rusiya-İran əlaqələrində yaratdığı güclü hərbi-texniki əməkdaşlıq mərhələsidir.

Buna görə də İsraillə Ukrayna arasındakı silah tədarükü məsələsindəki danışıqlar Təl-Əvivin Moskvaya qarşı manevri deyil, İran silahlarına qarşı mübarizəsinin təzahürü kimi dərk edilə bilər.

Yəni İsrail Ukraynaya hava hücumundan müdafiə sistemləri, PUA əleyhinə silahlar verə bilər, bu, İran dronlarını Ukrayna səmasında məhv etmək baxımından vacibdir.

Bununla belə, bir məsələ mütləq nəzərə alınmalıdır – Rusiya və İsrail Suriya kontekstində bir-birinin addımlarına göz yummağı bacarırlar, hətta bir az da irəli gedərək qeyd edə bilərik ki, İran mövqelərinin koordinatları Təl-Əvivə həm də Moskva tərəfindən ötürülür.

İsrail də Rusiyanın Suriyadakı nüfuz dairələrinə toxunmur və beləcə, iki dövlətin strateji maraqları fərqli olsa da, onların bir-birini yola vermək təcrübəsi münasibətlərin hərarətini normal tempə salır.

Qarşılıqlı hörmət Ukrayna cəbhəsində də özünü göstərir, hərçənd ki, müharibənin spesifik xüsusiyyətlərinin dəyişə bilmək ehtimalları Rusiya-İsrail əlaqələrindəki bağların bir qədər boşalmasına gətirib çıxara bilər.

Rusiya İsrailin Ukraynaya dəstək verə bilmək ehtimallarını nəzərə alaraq Təl-Əvivi şirnikləndirən addımlar atmaq məcburiyyətindədir.

Məsələn, Rusiya İrandan aldığı silahları Ukraynaya yönəldir, lakin İsrailin narahatlıqlarını nəzərə alaraq Tehranın oyunçuluq bacarıqlarını zəiflədən manevrlər də edir.

Bütün bunlar İranın nüvə silahını əldə etməyə yaxınlaşmasına, Tehranın ABŞ və Qərbə fəal müqavimət göstərən dövlətlərin oxunda mühüm mövqe tutması səylərinə paralel olaraq baş verir.

Ona görə də Rusiya İranın nüvə silahı əldə etmək cəhdlərinə qarşı İsrailə gizli dəstək verməyi siyasi eyib saymır.

Bununla belə, Qərbdən İsrailin Ukraynaya hərbi dəstək göstərməsi üçün çağırışlar güclənir. Lakin İsrail silahlarının Ukraynaya tədarükü məsələsinin təhlükəsizlik ölçüsündən əlavə, diplomatik dilemması da mövcuddur.

İsrail özünü Qərb blokunun bir hissəsi kimi görsə də, Rusiya ilə mehriban münasibətləri qoruyub-saxlamasında maraqları var.

Yuxarıda dediyimiz fikri inkişaf etdirərək ölçüləri Suriya üzərində konsentrasiya edək.

Suriyada Rusiyanın İsrail üçün əhəmiyyətini strateji cəhətdən, əsasən, belə təsvir edə bilərik: 

Rusiya İranın Suriyanı ələ keçirməsinin qarşısını almaqda İsrailə dəstək verir;

İsrailin Rusiya ilə münasibətlərinin iqtisadi, siyasi, strateji aspektləri başqa regionlarda da açıq-gizli əməkdaşlıq ruhunu yüksəldir;

İsrail üçün tarixin doğru tərəfində deyil, ölkənin təhlükəsizlik, iqtisadi-siyasi ehtiyaclarının tərəfində olmaq daha prioritetdir;

İsrail Qərb düşərgəsinin bir hissəsi olaraq qalmaq ehtiyacını Rusiya ilə münasibətlərdə böhranın yaranmaması əzmi ilə paralel şəkildə qurur.

Ona görə də Təl-Əviv çox diqqətli manevrlər etməli olacaq. Hər halda, görünən budur ki, İsrail Ukraynanı genişhəcmli hərbi yardım paketi ilə təmin etməkdən boyun qaçıran meyillərə daha çox üstünlük verəcək.

Aqşin Kərimov

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}