Ukrayna prezidenti deputat toxunulmazlığının ləğvi barədə QANUNU İMZALAYIB
Ukrayna prezidenti Vladimir Zelenski xalq deputatlarının toxunulmazlığının ləğv olunması barədə qanunu imzalayıb.
AZƏRTAC Ukrinform informasiya agentliyinə istinadla xəbər verir ki, qanuna əsasən, Konstitusiyanın 80-ci maddəsi yeni redaksiyada verilir. Burada deputatlara toxunulmazlıq zəmanəti verilməsi, onların Ali Radanın razılığı olmadan cinayət məsuliyyətinə cəlb edilməsinə, saxlanmasına və ya həbs olunmasına qadağa qoyan müddəalar yer almayıb.
Konstitusiyanın 80-ci maddəsinə edilən digər düzəlişə əsasən, deputatlar təhqir və böhtana görə məsuliyyət istisna olmaqla, səsvermənin nəticələrinə və ya parlamentdə çıxışlarına görə hüquqi məsuliyyət daşımırlar.
Qanunun 2020-ci il yanvarın 1-dən qüvvəyə minəcəyi gözlənilir.
Xatırladaq ki, Ukrayna Ali Radası sentyabrın 3-də “Ölkə Konstitusiyasının 80-ci maddəsinə dəyişiklik edilməsi barədə (xalq deputatlarının nisbi toxunulmazlığı)” qanunu ikinci oxunuşda qəbul edib. Qanunun lehinə 373 deputat səs verib.
Facebook-da paylaş