“ABŞ heç vaxt İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək” – Ağ Ev



Ağ Evdən verilən yazılı açıqlamada ABŞ Prezidenti Co Bayden və İsrailin baş naziri Yair Lapid arasında dünən telefon danışığı apardıqları, İran da daxil olmaqla qlobal və regional təhlükəsizlik məsələlərinin müzakirə edildiyi bildirilib.

Şəffaflıq.az xəbər verir ki, bəyanatda deyilir: “Prezident Bayden ABŞ-ın heç vaxt İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyinə dair öhdəliyini bir daha təkrarlayıb”.

Baydenin iyul ayında İsrailə səfəri zamanı onu qəbul etdiyi üçün Lapidə təşəkkür etdiyinə diqqət çəkən açıqlamada "Bayden İsrail və Livan arasında dəniz sərhədi danışıqlarının önümüzdəki həftələrdə yekunlaşdırılmasının vacibliyini vurğulayıb" ifadəsi işlədilib.

Məlumat üçün bildirək ki, İsrail mətbuatında çıxan son xəbərlərdə baş nazir Lapidin İranın nüvə proqramı ilə bağlı beynəlxalq müqavilə layihəsi üçün Co Baydenlə görüşməyə çalışdığı, lakin bu görüşün reallaşmadığı bildirilmişdi.

ABŞ isə bu yaxınlarda Suriyada İran İnqilab Keşikçiləri Ordusuna bağlı qruplara qarşı olduqlarını iddia edərək 24 saat ərzində iki ayrı hava hücumu həyata keçirmişdi.

Xatırladaq ki, 2015-ci ildə İran ilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzvləri - ABŞ, Rusiya , Çin, İngiltərə və Fransa və Almaniya (5+1) arasında Tehranın nüvə fəaliyyətlərinin tənzimlənməsi və nəzarət altında saxlanıldığı saziş imzalanıb.

2018-ci ildə keçmiş ABŞ prezidenti Donald Trampın dövründə Vaşinqton birtərəfli qaydada sazişdən çıxdıqda və İrana qarşı sanksiyaları bərpa etməyə başlayanda, Tehran saziş üzrə öhdəliklərini tədricən dayandırdı və uranın yüksək səviyyədə zənginləşdirilməsi də daxil olmaqla bir sıra addımlar atdı.

Sazişin yenidən həyata keçirilməsi və ABŞ-ın razılaşmaya qayıtması üçün 2021-ci ilin aprel ayından Avropa İttifaqının (Aİ) koordinasiyası ilə Vyanada aparılan danışıqlar avqustun 8-də başa çatıb, tərəflər saziş layihəsindən sonra yekun razılığa gəliblər. Danışıqların koordinasiyasını öz üzərinə götürən AB-nin təqdim etdiyi mətn əvvəlki aylara nisbətən çox daha müsbət işarələr verdi.

İran Xarici İşlər Nazirliyi avqustun 15-də Aİ-nin təqdim etdiyi və Aİ-yə nüvə danışıqlarında yekun yol xəritəsi kimi qəbul edilən saziş layihəsi ilə bağlı fikirlərini çatdırıb və onlara ABŞ-ın cavabını gözlədiklərini açıqlayıb.

ABŞ Dövlət Departamenti avqustun 24-də İranın Aİ vasitəsilə İranla nüvə sazişi layihəsinin mətni ilə bağlı fikirlərinə cavab verdiklərini açıqlayıb. Bununla belə, nazirlik İranın cavabının məzmunu ilə bağlı heç bir təfərrüat paylaşmayıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}