Əməkdar jurnalist Nasir Əhmədli dəfn olunub

Azərbaycanın Əməkdar jurnalisti Nasir Əhmədli Tovuz rayon Alakol kənd qəbiristanlığında dəfn edilib.
Şəffaflıq.az-ın məlumatına görə, dəfn mərasimində onun yaxınları, ziyalılar, rəsmi şəxslər və həmkəndliləri iştirak ediblər.
Qeyd edək ki, Nəsir Əhmədli 1942-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. 1959-cu ildə həmin kənddə orta məktəbi bitirib. 1962–1965-ci illərdə hərbi xidmətdə olub. 1971-ci ildə BDU-nun Jurnalistika fakültəsini bitirib. 1981-ci ildə “Sovet gerçəkliyi və xarici publisistikada onun inikası (Sovet Azərbaycanı haqqında 1966–1975-ci illərdə dərc olunmuş materiallar əsasında)” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 2007-ci ildə “Azərbaycan Beynəlxalq Radiosunun Yaxın və Orta Şərq ölkələrinə yayımı: tarix, təcrübə, nəzəriyyə” mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
Müxtəlif illərdə V.Sturua adına Bakı Gəmi Təmiri Zavodunda, Azərbaycan Dövlət Televiziyasında çalışıb. 2004-cü ildən "Beynəlxalq jurnalistika" kafedrasında çalışırdı. “Jurnalistin nitq mədəniyyəti”, “Azərbaycan Beynəlxalq Radiosu: tarix və ənənə”, “Xüsusi kurs”, “KİV xaricə siyasi informasiya yayımı sistemində” fənlərini tədris edib. 100-dən artıq elmi məqalənin, 3 monoqrafiyanın, 1 dərsliyin, 5 dərs vəsaitinin, bütövlükdə 15 kitabın müəllifidir. On elmlər namizədinə rəhbərlik edib, 1 elmlər doktorunun, 11 elmlər namizədinin rəsmi opponenti olub. Beynəlxalq radio yayımının jurnalistikanın bütün sahələrinə tətbiq edilə biləcək model-sxemini hazırlayıb, bu sahədə fəaliyyət göstərən 6 qanun aşkarlayıb.
Moskvada, Bakıda, Almatıda, Tbilisidə, Ufada, Sankt-Peterburqda, Lüblində konfranslarda iştirak edib. Məruzələri nüfuzlu elmi jurnallarda dərc olunub.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü olub.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}