Şamaxı şəhəri 2023-cü il üçün "Türk dünyasının turizm paytaxtı" seçilib.

 
Şamaxıda Türk Dövlətləri Təşkilatının (TDT) Turizm üzrə İşçi Qrupunun 17-ci iclası keçirilib.
Şəffaflıq.az xəbər verir ki, Türk Dövlətləri Təşkilatının turizm nazirlərinin görüşü çərçivəsində keçirilən tədbirdə təşkilata üzv və müşahidəçi dövlətlərin iri şəhərləri arasında birbaşa uçuş sayının artırılması, bilik və təcrübə mübadiləsi əsasında tarixi İpək Yolunun turizm potensialının istifadə edilməsi, “Müasir İpək Yolu Birgə Turu”nun və “Türk Dünyası Turizm Paytaxtı” layihələrinin həyata keçirilməsi, qış turizmi üzrə əməkdaşlığın genişləndirilməsi və digər məsələlərə baxılıb.
İclasda həmçinin BMT-nin Ümumdünya Turizm Təşkilatı tərəfindən həyata keçirilən layihənin analoqu olaraq türk dövlətlərinin “Ən Yaxşı Turizm Kəndləri” təşəbbüsü, turizm əhəmiyyətli ortaq mədəni irs elementlərini özündə birləşdirən İpək Yolu transmilli və seriya nominasiyası üzrə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilməsi üçün birgə müraciətin hazırlanması üzrə tərəfdaşlıqla bağlı müzakirələr aparılıb.
Tədbirə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Macarıstandan turizm siyasətini həyata keçirən dövlət qurumlarının təmsilçiləri və turizm üzrə mütəxəssislər qatılıb.
TDT-nin Baş Katibliyinin iştirakı ilə keçirilən iclasda üzv dövlətlər arasında turizm əlaqələrinin inkişaf etdirilməsi üçün birgə turizm məhsullarının yaradılması və təbliğat tədbirlərinin gücləndirilməsi məqsədilə görüləcək işlər barədə razılaşmalar əldə edilib.
İşçi qrupun iclasının gündəliyində müzakirə olunan “Türk Dünyası Turizm Paytaxtı” layihəsinə əsasən 2023-cü il üçün Şamaxı şəhəri “Türk Dünyası Turizm Paytaxtı” seçilməsi təklif edilib.
⠀ Türk Dövlətləri Təşkilatının turizm nazirlərinin 7-ci iclası və turizm üzrə işçi qrupunun 17-ci iclasının qərarına əsasən Şamaxı şəhəri 2023-cü il üçün "Türk dünyasının turizm paytaxtı" seçilib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}