Ukraynada həlak olan azərbaycanlı ailənin övladları Rusiyaya təxliyə olunub

Ukraynanın Xarkov vilayətinin Çirkun kəndində yaşadıqları evə raket düşməsi nəticəsində həlak olan azərbaycanlı ailənin sağ qalan övladları Rusiyaya təxliyə olunub.
Hadisə zamanı həlak olan Emin Mahmudovun qardaşı Ramin Mahmudov “Report”a açıqlamasında bildirib ki, uşaqlar hazırda Rusiyanın Oryol şəhərindədir.
“Rusiyada yaşayan həmkəndlilərimizin köməyi ilə qardaşımın övladlarını sərhəddən götürmək mümkün olub. Əlaqə saxlamışam, vəziyyətləri yaxşıdır. Onların Azərbaycana gətirilməsi üçün sabahdan işlərə başlayacağam. Ola bilsin özüm gedim, çünki uşaqlar bizim soyadımızı daşıyır. Vətənə gələndən sonra mənim himayəmdə qalacaq”, - R.Mahmudov söyləyib.
Qeyd edək ki, hadisə martın 5-də baş verib. Azərbaycanlı ailənin yaşadığı evə mərmi düşməsi nəticəsində Ukrayna vətəndaşı Mahmudov Emin Zabit oğlu, həyat yoldaşı Mahmudova Lyudmila və qaynanası dünyasını dəyişib. Onların 3 övladı isə sağ qalıb.
Xatırladaq ki, Emin Mahmudov əslən Lənkəran rayonunun Boladi kəndindəndir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}