Gürcüstanın Baş naziri: Prezident seçkilərinin ikinci turu beynəlxalq standartlara uyğun keçiriləcək
Prezident seçkilərinin ikinci turu beynəlxalq standartlara uyğun keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə bəyanatla Gürcüstanın Baş naziri Mamuka Baxtadze çıxış edib.
Baş nazir NATO Parlament Assambleyasının sabiq prezidenti Rasa Yuknyaviçenenin Gürcüstanda oktyabrın 28-də keçirilmiş prezident seçkilərinin birinci turu barədə dediyi “2012-ci ildən sonra Gürcüstan irəliyə deyil, geriyə addım atdı” tənqidi fikirlərinə də münasibət bildirib.
M.Baxtadze deyib: “2012-ci ildən sonra Gürcüstanda keçirilmiş seçkilərin yüksək standartlara uyğun olması bütün beynəlxalq təşkilatların hesabatlarında əksini tapıb. Amma 2012-ci ildə seçkilərin necə keçirildiyi bütün ictimaiyyətə məlumdur. Bir neçə gündən sonra keçiriləcək seçkilərin ikinci turu da bütün beynəlxalq standartlara uyğun olacaq. Bu da Gürcüstanın avroatlantik strukturlara və Avropaya inteqrasiyasını təmin edəcək”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Facebook-da paylaş