Komitə sədri: "Azərbaycanda şəhid ailələrinə və veteranlara göstərilən qayğı dünyaya nümunədir"
Bunu “Report”a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.
O bildirib ki, xüsusi kateqoriyadan olan şəxslər var və onlar digər vətəndaşlardan fərqlənir: “Belə şəxslər üçün güzəşt və imtiyazların təyin edilməsi dövlətin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Heç şübhəsiz ki, xüsusi kateqoriyadan olan şəxslər arasında şəhid ailələri, qazilər və müharibə veteranları birinci yerdə gəlir. Xüsusilə Vətən müharibəsindən sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və sağlamlığını qurban vermiş müharibə veteranlarına diqqət və qayğı özünün ən yüksək həddinə çatıb. Bu sosial xidmətlər üçün böyük vəsaitlər tələb olunur. Dünyada pandemiyanın davam etdiyi bir vaxtda, bir çox ölkələrdə iqtisadi-maliyyə böhranlarının, inflyasiyanın baş verdiyi bir dövrdə bizim ölkəmizdə şəhid ailələrinə və müharibə veteranlarına dövlətin diqqət və qayğısı nəinki azalmayıb, hətta özünün ən yüksək səviyyəsinə çatıb. Böyük sosial layihələrin uğurla həyata keçirilməsi davam edir. Bütün bunlar cənab Prezidentin uğurla həyata keçirdiyi vahid dövlət siyasətinin, ölkə rəhbəri kimi onun uğurlu diplomatiyasının və liderliyinin nəticəsidir. Çünki yalnız güclü iqtisadiyyata, hərbi gücə, müzəffər orduya, balanslaşdırılmış uğurlu diplomatiyaya malik olan bir dövlət həm də sosial cəhətdən güclü ola bilər.
Dövlətin şəhid ailələrinə və müharibə veteranlarına diqqət və qayğısından danışarkən ilk növbədə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyətini qeyd etməliyik. Hələ müharibə başa çatmamış, hərbi əməliyyatlar davam edərkən Prezident və xanımı dəfələrlə xəstəxanalarda, reabilitasiya mərkəzlərində müharibədə xəsarət almış şəxsləri ziyarət edib, onların səhhəti və problemləri ilə maraqlanıb, onlara şəfa diləyib, həmçinin şəhid ataları ilə telefon əlaqəsi saxlayıb, onlara başsağlığı verib və öz dəstəklərini əsirgəməyiblər. Müharibə başa çatdıqdan sonra da belə görüşlər mütəmadi davam edib, müxtəlif rayonlarda şəhid ailələrinə və müharibə iştirakçılarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimlərində cənab Prezident və xanımı şəxsən iştirak edərək bir daha həmin şəxslərə öz böyük ehtiramlarını, diqqət və qayğılarını dilə gətiriblər”.
Komitə sədri vurğulayıb ki, müharibənin bitməsindən dərhal sonra Prezidentin təşəbbüsü ilə Milli Məclis “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişikliklər edərək Vətən müharibəsi iştirakçılarının təltif edilməsi üçün yeni orden və medalların təsis edilməsi də dövlətin müharibə iştirakçılarına verdiyi böyük dəyərin sübutudur.
Facebook-da paylaş