İsmayıllıda YAP-ın yaradılmasının 29-cu il dönümü qeyd olunub

 İsmayıllıda YAP-ın yaradılmasının 29-cu il dönümü qeyd olunub
Şəffaflıq.az xəbər verir ki, 19 noyabr 2021-ci il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatında partiyanın yaradılmasının 29-cu il dönümü münasibətilə tədbir keçirilib. Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, YAP İsmayıllı rayon təşkilatı sədrinin vəzifəsini müvəqqəti icra edən Sevil Əhmədova, ərazi ilk partiya təşkilatlarının sədrləri və partiya fəalları iştirak ediblər.
Tədbirdən öncə iştirakçılar Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoyublar, xatirəsini ehtiramlarla anıblar.
Daha sonra Heydər Əliyev Mərkəzində təşkil olunan sərgiyə baxış keçirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyasının yaradılmasından ötən 29 il ərzindəki fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbiri giriş sözü ilə açan YAP İsmayıllı rayon təşkilatı sədrinin vəzifəsini müvəqqəti icra edən Sevil Əhmədova çıxış edərək partiyanın yarandığı mürəkkəb tarixi-siyasi şəraitdən, keçdiyi çətin və şərəfli mübarizə yolundan, Heydər Əliyevin xalqın və dövlətin qarşısında göstərdiyi böyük xidmətlərdən danışıb. O, Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olmasının, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsinin dahi rəhbər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində gördüyü işlər artıq Azərbaycanı inkişaf yoluna çıxarıb. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Müstəqil dövlət ideyası Azərbaycanın yeni tarixində məhz Heydər Əliyevin adı, şəxsiyyəti ilə bağlıdır. Yeni Azərbaycan Partiyasının yaradılmasının Azərbaycanın siyasi tarixinin ən parlaq səhifələrindən biri olduğunu deyən Sevil Əhmədova diqqəti ölkəmizin əldə etdiyi uğurlara, qazanılan nailiyyətlərə və qələbələrə çəkərək bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbi oldu.
Çıxış edənlər Ulu öndər Heydər Əliyev ideyalarını davam etdirən Cənab Prezident  İlham Əliyevin rəhbərliyi ilə  Azərbaycanın mühüm uğurlar qazandığını diqqətə çatdırıblar. Qeyd olunub ki, dünyada müxtəlif böhran vəziyyətinin hökm sürməsinə baxmayaraq ölkə iqtisadiyyatımızın sürətli inkişafı, ictimai-siyasi sabitliyimizin davamlı bərqərar olunması dövlət başçısı cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasətinin nəticəsidir. Bu siyasətin davamı ölkəmizi daha da işıqlı gələcəyə aparacaq və dünyadakı nüfuzunu möhkəmləndirəcək.
Tədbirin sonunda YAP sıralarına yeni üzv qəbul edilən bir qrup gəncə partiyanın üzvlük vəsiqələri təqdim edilib.





 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}