İsmayıllı rayonunda 8 Noyabr-Zəfər Günü münasibətilə ümumrayon tədbiri keçirilib
Şəffaflıq.az xəbər verir ki, tədbir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ilə başlanılıb. Heydər Əliyev adına Mərkəzi meydanda keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin müdafiəsi zamanı şəhid olan Vətən övladlarının ruhu bir dəqiqəlik sükutla yad olunub.
Sonra Mərkəzi Meydanda İsmayıllı şəhər və kənd məktəblilərinin, Heydər Əliyev Mərkəzinin və Uşaq- Gənclər İnkişaf Mərkəzinin hazırladıqları “Zəfər sərgisi”nə baxılıb. Sərgidə Zəfər Gününə həsr olunmuş əl işləri, foto və rəsm sərgiləri nümayiş etdirilib. Həmçinin etnik qurupların ifasında folklor rəqslərinə baxılıb.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov qeyd edib ki, ötən il sentyabrın 27-dən başlayan, işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə çevrilmişdir. Qalib Azərbaycan xalqı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Müzəffər Ali Baş Komandanın qətiyyətli iradəsi, qüdrətli ordumuzun gücü qarşısında düşmən 44 günə məhv edildi. Bununla da Azərbaycanın möhtəşəm qələbəsi ilə yekunlaşan bu müharibə dünya hərb tarixinə 44 günlük müharibə kimi düşdü. Ali Baş Komandanın çağırışı ilə böyükdən kiçiyə birləşən Azərbaycan xalqının birliyinin şərəfinə bu müharibə həm də "Dəmir Yumruq" əməliyyatı adlandırılır. Rayon rəhbəri Vətən müharibəsində ismayıllıların da böyük qəhrəmanlıq göstərərək yüksək fədakarlıq nümayiş etdirdiyini bildirib, şəhidlərimizi dərin hüznlə yad edərək, qazilərimizə Allahdan şəfa diləyib. Hamını Zəfər Günü münasibətilə təbrik edib.
Çıxış edən millət vəkili Novruzəli Aslanov qələbədə payı olan bütün şəhidləri o cümlədən İsmayıllı şəhidlərini dərin hörmət və qürur hissi ilə anaraq 44 günlük Haqq savaşımızdan ətraflı söz açıb. O, vurğulayıb ki, bu gün Azərbaycan xalqının Qarabağa qovuşduğu, tarixi zəfərə imza atdığı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə digər şəhər və rayonlarımızda terrorlar zamanı həlak olan günahsız insanların qisasının döyüş meydanında alındığı, işğalçı Ermənistana layiq olduğu yeri göstərməklə öz tarixi torpaqlarını düşmən tapdağından azad etdiyi gündür.
Şəhid Cəmil Məmmədlinin anası Aygün Məmmədli şəhid anaları adından çıxış edərək başda şəhid ailələri olmaqla bütün Azərbaycan xalqının Zəfər Gününü təbrik edib.
O bu möhtəşəm qələbədə onun da övladının payı olduğunu qürurla qeyd edib.Bildirib ki, hər Zəfər Günü onun övladının timsalında bütün şəhidlərin ruhu şad olacaq. Çünki onlar bu Vətənin azadlığı uğrunda şərəflə canlarından keçiblər. O, öz çıxışında şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını da bildirib.
Tədbirdə çıxış edən Vətən müharibəsi qazisi İlyar Salmanov müharibə ilə bağlı xatirələrini bölüşüb və döyüş yoldaşlarının göstərdikləri igidliklərdən bəhs edib.
Daha sonra Mərkəzi Meydanda İsmayıllı rayon Mədəniyyət Mərkəzi tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiya təqdim olunub. Vətənə, orduya, bayrağa həsr olunmuş şeirlər, musiqilər səsləndirilib.
Rayon rəhbəri tərəfindən şəhid ailələrinin üzvləri üçün hazırlanmış təşəkkürnamə və RİH-in təşəbbüsü ilə yazıçı-jurnalist Yusif Məhəmmədoğlunun çap etdirdiyi “İsmayıllının Zəfər Şəhidləri” adlı kitabı RİH-nin başçısı Nahid Bağırov və millət vəkili Novruzəli Aslanov tərəfindən şəhid ailələrinə təqdim olunub.
Tədbirdən sonra Şəhidlər xiyabanına yürüş təşkil olunub, abidə önünə əklil və şəhidlərin məzarlarına gül dəstələri düzülüb.
Sonra 8 Noyabr-Zəfər Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib. Aksiya zamanı Heydər Əliyev prospektində 300 ədəd ağac əkilib.
Facebook-da paylaş