BMT QAK vətəndaşsızlıq problemi ilə bağlı hökumətlərə çağırış edib

 BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (QAK) hökumətləri dünyada vətəndaşsızlıq problemi ilə bağlı işləri sürətləndirməyə və bu problemi həll etməyə çağırır.
Bu barədə Şəffaflıq.az məlumat verirki.
Bildirilib ki, BMT-nin QAK bu gün “Vətəndaşsızlığa son qoymağa” yönələn #IBelong kampaniyasının başlanmasından yeddi il ötməsi ilə əlaqədar çağırış edib: “Dünyada hələ də vətəndaşlığı olmayan milyonlarla insanın durumunu həll etmək üçün daha çox addımlar atılmalıdır”.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi deyib ki, son bir neçə il ərzində əhəmiyyətli irəliləyiş əldə olunub, lakin hökumətlər milyonlarla insanı vətəndaşsızlıq durumunda saxlamaqda davam edən və ya uşaqların vətəndaşsızlıq şəraitində doğulmasına imkan verən hüquqi və siyasi boşluqları aradan qaldırmaq üçün daha çox iş görməlidirlər.
Məlumata görə, vətəndaşsızlıq, yaxud şəxsin heç bir ölkə tərəfindən vətəndaş kimi tanınmadığı situasiya, bütün dünyada milyonlarla insana təsir göstərir. Vətəndaşlığı olmayan insanlar çox vaxt ən əsas hüquqlardan, o cümlədən məktəbə getmək, qanuni yolla işləmək, səhiyyə xidmətlərindən istifadə etmək, nikaha daxil olmaq və ya uşağın doğumunu qeydiyyata aldırmaq hüququndan istifadə edə bilmirlər.
Qlobal səviyyədə vətəndaşsızlığa son qoyulması məsələsinə diqqəti cəlb etmək və onu dəstəkləmək üçün BMT QAK-ın 2014-cü ildə #IBelong kampaniyasına başladığı vaxtdan bəri 27 ölkədə 400 000-dən çox vətəndaşlığı olmayan şəxs vətəndaşlıq əldə edib və eyni zamanda qanunvericilikdə yeni qəbul edilmiş dəyişikliklər nəticəsində indi Asiya, Avropa, Afrika və Amerika qitələrində on minlərlə insan vətəndaşlıq əldə etmək imkanı qazanıb.
Son yeddi il ərzində 29 dövlət vətəndaşsızlığa dair konvensiyalara qoşulub ki, bu da vətəndaşsızlığa son qoymaq üçün siyasi iradənin gücləndiyindən xəbər verir.
“Dövlətlərin birgə səyləri ilə aradan qaldıra biləcəyimiz vətəndaşsızlıq halları ilə mübarizə istiqamətində bu qlobal meyl bizi ruhlandırır. Amma irəliləyiş sürətlənməsə, vətəndaşlıq almaq imkanından məhrum olan milyonlarla şəxs insan hüquqları sahəsində hüquqi boşluq durumuna düşərək ən əsas hüquqlardan istifadə edə bilməyəcək”, – deyə Qrandi bildirib.
Vətəndaşsızlığın bir çox səbəbləri var ki, onlar da adətən vətəndaşlığa dair qanunlardakı və onların tətbiqindəki boşluqların və ya çatışmazlıqların nəticəsidir. Etnik, dini və cinsi mənsubiyyətə əsaslanan ayrı-seçkilik də daxil olmaqla ayrı-seçkiliyin olması vətəndaşsızlığı doğuran əsas amildir.
Vətəndaş kimi tanınmadıqları üçün vətəndaşlığı olmayan insanlar çox zaman qanuni hüquqlardan və ya əsas xidmətlərdən məhrum olurlar. Bu, onları siyasi və iqtisadi cəhətdən təcrid edir və ayrı-seçkiliyə, istismara və sui-istifadə hallarına qarşı müdafiəsiz duruma salır. Həmçinin onların COVID-19-la bağlı test, müalicə və ya peyvənd xidmətlərindən istifadə etmək imkanı olmaya bilər və iqlim riskləri qarşısında dəstək və ya müdafiə xidmətlərinə çıxış imkanı az ola bilər.
Hökumətlər ərazilərində vətəndaşlığı olmayan insanların vətəndaşlıq əldə etməsinə kömək edə və ya ilk növbədə vətəndaşsızlıq hallarının baş verməsinin qarşısını ala biləcək hüquqi və siyasi islahatları həyata keçirmək səlahiyyətinə malikdirlər və bəzən bunu sadəcə qələmin bircə yazısı ilə və ya nisbətən sadə bir qanunvericilik dəyişikliyi ilə edə bilərlər. Bu, asanlıqla qarşısı alına və həll edilə bilən bir problem olaraq qalır.
BMT QAK-ın on ildir davam edən #IBelong kampaniyası dövlətləri 2024-cü ilə qədər vətəndaşsızlığa son qoymağa çağırır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}