Füzuli rayonunda piyada əleyhinə 15 mina və tank əleyhinə 1 minanın partladıcısı aşkarlanıb
Noyabrın 20-də 1994-cü ildə Ermənistanın işğalından azad olunmuş Füzuli rayonunun Horadiz kəndi ərazisinin bir hissəsində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən aparılan əməliyyat zamanı sahədə yerləşən iki su quyusuna baxış keçirilib.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, baxış zamanı agentliyin minaaxtaranları tərəfindən 15 ədəd OZM-72 piyada əleyhinə mina, 1 ədəd MVZ-62 tank əleyhinə minanın partladıcısı və bir ədəd PQ-7 raketinin arxa motor hissəsi aşkarlanıb. Həmin sursatlar zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
İndiyədək 266 min 701 kvadratmetr ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib, üç ədəd partlamamış hərbi sursat (iki ədəd 60 millimetrlik minaatan mərmi və bir ədəd PQ-7 raketinin arxa motor hissəsi) və 21 ədəd mina (bir ədəd TM-57 tank əleyhinə mina, bir ədəd TM-62P tank əleyhinə mina, 18 ədəd OZM-72 piyada əleyhinə mina və bir ədəd MVZ-62 tank əleyhinə minanın partladıcısı) aşkarlanıb.
Ərazidə minatəmizləmə əməliyyatı davam etdirilir.
Facebook-da paylaş