İsmayıllıda şəhidin cənnətdəki ilk doğum günü qeyd olunub

 Ərazilərimizin bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Cahan Məmmədzadənin doğum günü Təzəkənd kənd qəbiristanlığında məzarı ziyarət olunaraq mövcud pandemiya qaydalarına uyğun olaraq qeyd edilib.
Şəffaflıq.az xəbər verir ki, tədbirdə  Rayon İcra Hakimiyyətinin başçısı, RİH-nin məsul əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin əməkdaşları, Gənclər və İdman idarəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, ictimaiyyətin nümayəndələri, şəhidin ailəsi, yaxınları,şəhid ailələri, kənd sakinləri onun xatirəsini ehtiramla anıb, məzarı önünə əklil və gül dəstələri düzülüb, ruhuna dualar oxunub.
Mərasimdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və zəfərlə başa çatan Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən, şəhidlərimizin şərəfli döyüş yolu keçməsindən və onların xatirəsinin heç bir zaman unudulmayacağından danışıb. RİH başçısı torpaqlarımızın azadlığı uğrunda şəhid olan igid oğulların ölməzliyini vurğulayıb, şəhid valideyinlərinə Allahdan səbir, qazilərimizə şəfa diləyib.
Çıxış edənlər şəhid Cahan Məmmədzadənin keçdiyi şərəfli ömür yolundan danışıb və şəhidlərimizin qanının yerdə qalmadığını söyləyib. M. Əzimov adına Təzəkənd kənd tam orta məktəbin şagirdləri şəhidə həsr olunmuş kompozisiya ilə çıxış ediblər. Yaşasaydı bu gün Cahanın 27 yaşı olacaqdı.
Cahan Məmmədzadə 1994-cü il avqustun 24-də Sumqayıt şəhərində anadan olub. 2000-2011-ci illərdə Mirzağa Əzimov adına Təzəkənd kənd tam orta məktəbində təhsil alıb. 2012-2014-cü illərdə hərbi xidmətdə olub. 2015-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim və Tədris mərkəzinin “Gizir hazırlığı kursu”nu bitirib. Gizir Cahan Məmmədzadə 2016-cı ildə Aprel döyüşlərində də fəal iştirak etmişdir.  44 günlük Vətən Müharibəsində Cəbrayıl və Füzuli rayonlarının işğaldan azad edilməsində fəal iştirak edərək noyabr ayının 5-da Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Cahan Məmmədzadə ölümündən sonra "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", "Şuşanın azad olunmasına görə"  medalları ilə təltif edilib.






 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}