Şamaxıda ilkin səhiyyə xidmətinin gücləndirilməsi üçün səyyar klinikalar fəaliyyətə başlayır.-FOTO

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən həyata keçirilən “PROACT-Care” layihəsi çərçivəsində ilkin səhiyyə xidmətlərini daha əlçatan etmək və Şamaxının xüsusi ehtiyacı olan kəndlərində fəaliyyət göstərmək üçün 3 ədəd səyyar sağlamlıq klinikası (mobil klinika) və 2 ədəd yüksək keçid qabiliyyətinə malik avtomobil rayona gətirilərək “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsə (TƏBİB) təhvil verilib.

Şəffaflıq.az xəbər verir ki, səyyar klinikalar vasitəsilə bu ərazilərdə qeyri-infeksion xəstəliklərin vaxtında diaqnozu və nəzarətdə saxlanılması, eləcə də ana və uşaq sağlamlığı, infeksiyaların profilaktikası və nəzarəti xidmətlərinin daha yaxşı göstərilməsi mümkün olacaq.

Qeyd edək ki, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi, Böyük Britaniyanın Bakıdakı səfirliyi və UHC-Əməkdaşlıq Təşəbbüsünün (ÜST-nin tərəfdaşları ilə ortaq layihəsi) maliyyə dəstəyi ilə icra olunan layihənin məqsədi Şamaxı rayonunda əlçatan, keyfiyyətli, hərtərəfli ilkin səhiyyə xidməti modeli yaratmaqdır. Layihə, eyni zamanda, icmaların daha sağlam yaşamalarını və öz sağlamlıqlarına qayğı göstərmələrini dəstəkləyəcək.  

ÜST-nin Azərbaycandakı nümayəndəliyi layihənin icra olunmasında Şamaxı Rayon İcra Hakimiyyəti, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, Heydər Əliyev Fondu və UNICEF-lə tərəfdaşlıq edir.

Şamaxının Dəmirçi kəndində baş tutan təhvil-təslim mərasimində çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov son illər ölkəmizdə səhiyyə sahəsində aparılan islahatlardan söz açaraq, bütün bölgələrlə yanaşı, Şamaxıda da bu istiqamətdə bir çox işlərin görüldüyünü qeyd edib. Görülmüş işlərlə yanaşı, bu layihənin keçirilməsi nəticəsində rayonda, xüsusilə ucqar kəndlərdə yaşayan sakinlərə göstəriləcək ilkin səhiyyə xidmətinin keyfiyyətinin yaxşılaşdırılacağının əhəmiyyətini vurğulayıb.

ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancı vurğulayıb ki, “PROACT-Care” layihəsi nümayəndəliyin yerli və beynəlxalq tərəfdaşları və donorları ilə birgə hərtərəfli komanda işinin nəticəsidir. Onun sözlərinə görə, səyyar klinikalar istənilən dayanıqlı səhiyyə sisteminin əsas komponentlərindən olan ilkin səhiyyənin güclənləndirilməsi ilə yanaşı, həm də COVID-19-a qarşı mübarizədə yardımçı olacaq.

Mərasimdə səhiyyə nazirinin müavini Rəhim Əliyev, TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı, ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Soltan Məmmədov çıxış ediblər. Çıxışlarda ÜST tərəfindən həyata keçirilən “PROACT-Care” layihəsinin əhəmiyyətindən, səyyar klinikaların bölgədə səhiyyə xidmətinin daha yaxşı təşkil olunmasındakı rolundan, təhlükəli xəstəliklərə qarşı göstərəcəyi qabaqlayıcı fəaliyyətindən danışıblar.
Təhvil-təslim mərasimindən sonra ÜST-nin Şamaxı şəhərində fəaliyyət göstərən təlim mərkəzini ziyarət edən iştirakçılara layihə çərçivəsində həyata keçirilməkdə olan və planlaşdırılan tədbirlər barədə məlumat verilib.


Qeyd edək ki, layihə çərçivəsində Şamaxıda yaradılacaq ilkin səhiyyə xidməti modeli gələcəkdə genişləndirilərək bütün ölkədə tətbiq edilmə potensialına malik olacaq

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}