Millimiz bu gün Türkiyə ilə qarşılaşacaq

Futbol üzrə Azərbaycan millisi bu gün beynəlxalq yoldaşlıq oyunu keçirəcək.
Şəffaflıq.az-ın məlumatına görə, Canni De Byazinin başçılıq etdiyi kollektiv Türkiyə yığmasının qonağı olacaq. Alanyadakı Oba stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Görüşü Kosovodan olan hakimlər briqadası idarə edəcək.
Bu, iki komanda arasında sayca 8-ci duel olacaq. İndiyədək baş tutmuş 7 görüşün dördü rəsmi, üçü yoldaşlıq oyununa təsadüf edib. Bu matçların beşində "ay-ulduzlular", birində Azərbaycan millisi qalib gəlib. Bir qarşılaşmada isə heç-heçə qeydə alınıb. Top fərqi də qardaş ölkə yığmasının xeyrinədir - 9:2.
Azərbaycan yığması Türkiyə üzərində yeganə qələbəsini 2010-cu ildə Avropa çempionatının seçmə mərhələ oyununda qazanıb. Tofiq Bəhramov adına Respublika Stadionundakı matçda yeganə qolu Rəşad Sadıqov vurmuşdu.
Oyun öncəsi komandaların heyətində itki yoxdur.
Yoldaşlıq oyunu
21:00. Türkiyə - Azərbaycan
Hakimlər: Genc Nuza, Fatlum Berişa, Bujar Selimay, Visar Kastrati (Kosovo)
Alanya, Oba stadionu.
Qeyd edək ki, Azərbaycan millisi bu matçdan sonra iyunun 2-də Minskdə Belarus, iyunun 6-da isə Kişineuda Moldova ilə yoldaşlıq görüşləri keçirəcək.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}