Bu gün Məmmədyarov və Rəcəbov dünya çempionu ilə qarşılaşacaq
Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun IV mərhələsində bu gün daha 5 tur oynanılacaq.
Şəffaflıq.az məlumat verir ki, "Magnus Carlsen Invitational" adlanan yarışda Azərbaycan təmsilçiləri Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov növbəti görüşlərini keçirəcəklər. Oyunlara Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Məmmədyarov VI turda ağ fiqurlarla, FIDE bayrağı altında çıxış edən Alireza Firuzcanı sınağa çəkəcək. VII turda o, qara fiqurlarla Maqnus Karlsenə rəqib olacaq. VIII turda ağ fiqurlarla ispaniyalı David Antonla görüşəcək 36 yaşlı qrossmeyster IX turda isveçli Nils Qrandeliusla, X turda isə Niderland təmsilçisi Aniş Giri ilə "qaralar"la üz-üzə gələcək.
Teymur Rəcəbov VI turda "ağlar"la ABŞ-dan olan Hikaru Nakamuraya rəqib olacaq. 34 yaşlı qrossmeyster VII turda "qaralar"la niderlandlı Yorden van Forestlə, VIII turda "ağlar"la fransalı Maksim Vaşye-Laqravla görüşəcək. IX turda o, yenə "qaralar"la FIDE təmsilçisi Alireza Firuzca ilə, X turda isə "ağlar"la norveçli Maqnus Karlsenlə qarşılaşacaq.
İlk yarış günündən sonra Şəhriyar Məmmədyarov 4-cü, Teymur Rəcəbov 6-cı pillədə qərarlaşıb. Hər iki azərbaycanlı şahmatçının aktivində 3 xal var. Turnir cədvəlinə 4 xalla Aniş Giri başçılıq edir.
"Magnus Carlsen Invitational"
14 mart
VI tur
Şəhriyar Məmmədyarov - Alireza Firuzca (FIDE)
Teymur Rəcəbov - Hikaru Nakamura (ABŞ)
VII tur
Yorden van Forest (Niderland) - Teymur Rəcəbov
Maqnus Karlsen (Norveç) - Şəhriyar Məmmədyarov
VIII tur
Şəhriyar Məmmədyarov - David Anton (İspaniya)
Teymur Rəcəbov - Maksim Vaşye-Laqrav (Fransa)
IX tur
Alireza Firuzca (FIDE) - Teymur Rəcəbov
Nils Qrandelius (İsveç) - Şəhriyar Məmmədyarov
X tur
Aniş Giri (Niderland) - Şəhriyar Məmmədyarov
Teymur Rəcəbov - Maqnus Karlsen (Norveç)
Qeyd edək ki, "Magnus Carlsen Invitational" Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə "Report" İnformasiya Agentliyinin feysbuk və yutub səhifələrində canlı yayımlanacaq. İkinci yarış günündə aparıcı, beynəlxalq qrossmeyster Vasif Durarbəylinin qonağı əməkdar məşqçi və beynəlxalq usta Orxan Abdulov olacaq.
Xatırladaq ki, turnirin ümumi mükafat fondu 220 min ABŞ dollarıdır. Qalib şahmatçı 60 000, finalçı 40 000, 3-cü yerin sahibi isə 25 000 ABŞ dolları qazanacaq. Yarış martın 21-də yekunlaşacaq. Teymur Rəcəbov Çempionlar Turunun II mərhələsində qalib, III mərhələsində isə 3-cü yerin sahibi olub.
Facebook-da paylaş