Asiya Parlament Assambleyasının onlayn konfransı keçirilib


 

Martın 9-da Asiya Parlament Assambleyasının “Qadınlar və ailə əsaslı iqtisadiyyat” mövzusunda onlayn konfransı keçirilib. Tədbirə Azərbaycandan Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, komitə üzvləri Nigar Arpadarai və Pərvin Kərimzadə qatılıblar.


Konfransda ailənin iqtisadi gücləndirilməsi ilə bağlı hökumətlərin həyata keçirdiyi tədbirlər, proqramlar, uğurlu təcrübələrin tətbiqi kimi məsələlər nəzərdən keçirilib.

Tədbirdə çıxış edən Hicran Hüseynova Azərbaycan Respublikası Milli Məclisi Sədrinin salamlarını tədbir iştirakçılarına çatdırıb, konfransın təşkili üçün təşəkkür edib.

Cəmiyyətlərin inkişafında qadınların daha səmərəli fəaliyyəti üçün imkanların yaradılmasının vacibliyini vurğulayan komitə sədri Azərbaycanın hələ 1918-ci ildə qadınların seçki hüququnu tanımaqla nəinki müsəlman Şərqindən, hətta bir çox Qərb dövlətlərindən qabaq gender bərabərliyi prinsipini qəbul etməsindən danışıb.

Diqqətə çatdırıb ki, ölkədə həyata keçirilən sistemli tədbirlər, qanunvericilikdə aparılan islahatlar, qəbul edilən dövlət proqramları sayəsində ictimai, siyasi, sosial proseslərin fəal iştirakçısı olan Azərbaycan qadını üçün hazırda bütün sahələrdə geniş imkanlar yaradılıb.

Bildirilib ki, qadınların peşə hazırlığına, onların bazar iqtisadiyyatı və sahibkarlıq fəaliyyəti haqqında bilik və təcrübələr əldə etməsinə böyük əhəmiyyət verilən Azərbaycanın hər bir bölgəsində Qadın Resurs Mərkəzləri təsis edilib. Biznes planlamasında və biznes fəaliyyətində, xüsusən də iqtisadi və sosial cəhətdən daha əlverişsiz şəraitdə yaşayan qadınların cəmiyyətin iqtisadi və sosial həyatında daha fəal iştirak etməsi üçün lazım olan hər cür dəstək təmin edilib. Ailə Biznesinə Dəstək Mərkəzləri (ABAD) kimi işgüzar şəbəkələr həm də qadınların əmək bazarında rəqabət qabiliyyətlərinin artırılmasına yönəlib.

Komitə sədri Hicran Hüseynova bildirib ki, Azərbaycanda qadınların iqtisadi təşəbbüskarlığının artması, onların kiçik və orta sahibkarlıqda geniş təmsilçiliyi sosial-iqtisadi inkişafın, o cümlədən məşğulluğun təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Vurğulanıb ki, Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə qaçqın və məcburi köçkün qadınlar, aztəminatlı ailələrdən olan qadınlar üçün kiçik və orta sahibkarlıqla bağlı layihələr həyata keçirilir. İşğaldan azad edilmiş ərazilərimizin bərpası zamanı kiçik və orta biznesin nümayəndələri də cəlb olunacaq, onların burada öz fəaliyyətlərini genişləndirməsinə imkan yaradılacaqdır.

Hicran Hüseynova diqqətə çatdırıb ki, bu gün dünya COVİD-19 pandemiyası ilə üz-üzədir və insanlar üçün yeni çətinliklər yaranmaqdadır. Hər bir dövlət çalışır ki, həm iqtisadi vəziyyəti nəzarətdə saxlasın, həm də insanların sağlamlığını qorusun. Belə bir şəraitdə Azərbaycan öz modelini təqdim edib. Əlbəttə ki, bu modelin əsasında insan faktoru dayanır. Dövlət tərəfindən məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir planı həyata keçirilir. Dövlət sərt karantin tədbirləri nəticəsində qeyri-formal iş yerini itirən və əvvəlcədən işsiz olan şəxslərin sosial vəziyyətini diqqətdə saxlayır. Eyni zamanda, həssas təbəqədən olan aztəminatlı ailələr, şəhid və müharibə iştirakçılarının ailələri, qaçqın və məcburi köçkünlər, kiçik və orta sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar üçün sosial paket yerinə yetirilir. Kiçik və orta sahibkarlıqla məşğul olanların həm özlərinə, həm də işçilərinə ödəmələr verilib. Bu sırada xüsusilə qadın sahibkarları da qeyd etməliyik.

Sonra çıxışlarla davam edən tədbirdə mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb, keçirilən konfransın ailə iqtisadiyyatında qadın iştirakçılığının artırılmasına mühüm töhfə verəcəyinə inam ifadə olunub.

Bununla da Asiya Parlament Assambleyasının “Qadınlar və ailə əsaslı iqtisadiyyat” mövzusunda onlayn konfransı başa çatıb.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}