Gənc ailələr, boşanmalar, vətəndaş nikahları - Deputatlar iclasa TOPLANDI
Fevralın 3-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkilatçılığı ilə videokonfrans formatında “Gənc ailələrlə bağlı mövcud vəziyyət: imkan və çətinliklər” mövzusunda dinləmə keçirilib.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bildirib ki, Azərbaycan əhalisinin 23,6 faizini təşkil edən gənclərə qayğı dövlət siyasətinin mühüm tərkib hissəsidir.
“Bu siyasətin həyata keçirilməsi üçün müvafiq qanunvericilik bazası yaradılıb. Hazırda Azərbaycan dövləti postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni strateji mərhələyə daxil olur. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilib. Növbəti 10 ildə ölkənin sosial-iqtisadi inkişafına dair 5 Milli Prioritet həyata keçiriləcək ki, bu da hər bir vətəndaşı əhatə edəcək. Həmin prioritetlər, xüsusilə gənclərin inkişafına, gənc ailələrin sosial vəziyyətinin yaxşılaşmasına kömək olacaq”,-deyə H.Hüseynova əlavə edib.
Son 56 ildə qlobal miqyasda nikahların sayının 3 dəfədən çox azaldığını, boşanmaların sayının isə 3 dəfəyədək artdığını qeyd edən Hicran Hüseynova hazırda qərbdə ailə dəyərlərinin mənəvi deqradasiyaya uğradığını, övladsız ailə və birgəyaşayışa əsaslanan vətəndaş nikahlarının artdığını təhlükəli hal kimi dəyərləndirib. O, bu tendensiyanın ölkəmizə sirayət etməməsi üçün adekvat addımların atılması vacibliyini qeyd edib.
Komitə sədri son dövrlərdə “ailə psixoloqu” məsələsinin gündəmə gəldiyini, narkotik və psixotrop maddə istifadəçilərinin sayının gəncləşdiyini, reproduktiv sağlamlıq məsələlərinin aktuallaşdığını, erkən nikahların qarşısının alınması vacibliyini, məşğulluğun təmin olunması zərurətini və digər aktual məsələləri diqqətə çatdırıb. Bildirib ki, ailələrimizi qorumaq məqsədilə Milli Məclisin müvafiq komitələrində bir sıra təkliflər hazırlanır, həmçinin Ailə Məcəlləsinin və bir sıra qanunların yenidən ekspertizadan keçməsi istiqamətində iş aparılır.
Adil Əliyev gənc ailələrlə bağlı konkret problemlərə toxunub. Vitse-spiker COVID-19 pandemiyası ucbatından ötən il dünyada boşanmaların sayının artdığını və bu halın daha çox gənc ailələrdə baş verdiyini təəssüflə qeyd edib. Bildirib ki, 2020-ci ilin təkcə may ayında ölkəmizdə 1501 boşanma halı rəsmiləşib.
Vitse-spiker deyib ki, ailə cəmiyyətin özəyidir və dövlətin götürdüyü öhdəliklərdən biri də ailə problemlərinin həlli, sağlam ailə mühitinin yaradılmasıdır.
Boşanmaların artmasına təsir edən amillər sırasında bəzi gənclərin narkotikə, alkoqol və digər zərərli vərdişlərə qurşanmasını önə çəkən Adil Əliyev qeyd edib ki, bizdə “Mediasiya haqqında” qanun qəbul olunduğuna görə, boşanmalarla əlaqədar bir sıra mübahisələrin məhkəməyə qədər həlli mümkündür:
“Mediasiya çərcivəsində psixoloqların və digər sosial işçilərin xidmətindən yararlanmaqla əsassız boşanmaların qarşısını almaq olar”.
Vitse-spiker vurğulayıb ki, gənclərimizin milli-mənəvi dəyərlərimizə uyğun tərbiyəsinə xüsusi diqqət yetirilməlidir.
Sonra dinləmədə Gənclər və idman nazirinin müavini İntiqam Babayev “Gənclər siyasətinin həyata keçirilməsində dövlətin üzərinə düşən vəzifə və öhdəliklər” mövzusunda məruzə edib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva “Müasir Azərbaycan cəmiyyətində gənc ailənin statusu”ndan söhbət açıb.
Şəffaflıq.az
Facebook-da paylaş