"Sədərək"də fəhlənin faciəvi şəkildə ölməsi ilə bağlı cinayət işi başlanılıb
Qaradağ Rayon Prokurorluğundan verilən məlumata görə, aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, Sədərək TM-də ikimərtəbəli mağazanın ikinci mərtəbəsində qaynaq işləri aparan zaman 1964-cü il təvəllüdlü Qayim Burcəliyev üzərində dayandığı dəmir pilləkəndən aşması nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Facebook-da paylaş