Əsas Səhifə > Hadisə > "Sədərək"də fəhlənin faciəvi şəkildə ölməsi ilə bağlı cinayət işi başlanılıb

"Sədərək"də fəhlənin faciəvi şəkildə ölməsi ilə bağlı cinayət işi başlanılıb


22-02-2021, 16:23
 Fevralın 20-si saat 14 radələrində Qaradağ rayonu ərazisində yerləşən Sədərək Ticarət Mərkəzində (TM) fəhlənin təmir-tikinti işləri apararkən aldığı xəsarətlər nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qaradağ Rayon Prokurorluğundan verilən məlumata görə, aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, Sədərək TM-də ikimərtəbəli mağazanın ikinci mərtəbəsində qaynaq işləri aparan zaman 1964-cü il təvəllüdlü Qayim Burcəliyev üzərində dayandığı dəmir pilləkəndən aşması nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.


Geri qayıt