İndoneziyada helikopter qəzasında səkkiz nəfər həlak olub
İndoneziyanın Qərbi Kalimantan əyalətində "Airbus H130" helikopterinin qəzaya uğraması nəticəsində səkkiz nəfər həlak olub. Şəffaflıq.az xəbər verir ki, bu barədə "Reuters" yerli hakimiyyət nümayəndələrinə istinadən məlumat yayıb. Məlumata görə, göyərtədə altı sərnişin və iki heyət üzvü olub, onların heç biri sağ qalmayıb. İndoneziyanın xilasetmə agentliyinin rəhbəri Məhəmməd Safinin sözlərinə görə, hava gəmisi aprelin 16-sı səhər saatlarında Melavi bölgəsindəki plantasiya ərazisindən havaya qalxdıqdan cəmi beş dəqiqə sonra radar ekranlarından itib. Daha sonra axtarış-xilasetmə qrupları əlaqənin kəsildiyi yerdən təxminən 3 km aralıda helikopter qalıqlarını aşkar ediblər. Qəza ərazisi mürəkkəb dağ relyefinə malik sıx meşəlik ərazidə yerləşir. Yerli xilasetmə xidməti helikopterin göyərtəsində olan bütün səkkiz nəfərin həlak olmasını təsdiqləyib.
Facebook-da paylaş








