Putin Rusiyada əhalinin azalmasının qarşısını almağa çalışır – 67 milyard dollar xərcləyəcək

 

Rusiya əhali azalmasının qarşısını almaq məqsədlərinə 4,13 trilyon rubl (66, 7 milyard dollar) xərcləmək niyyətindədir. Rusiyanın maliyyə naziri Anton Siluanov yanvarın 29-da deyib ki, bu pulun 90 faizi federal büdcədən, qalan hissəsi isə regionlardan ödənəcək.

Siluanov ayrılan məbləği “misilsiz” adlandırıb. Nazir bunu da bildirib ki, bu xərclər barədə təklifi hökumətə fevralın 11-də göndərmək niyyətindədir.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin hökumətin demoqrafik böhranın çözümünə yönəlmiş “milli layihələrinə” 25,7 trilyon rubl (417 milyard dollar) ayrılacağını bildirmişdi. Putin əhali artımını özünün prioritet vəzifələrindən elan edib.

2018-ci ilin dekabrında illik mətbuat konfransını keçirən Putin demoqrafik itkiləri 1990-cı illərin irsi kimi səciyyələndirmişdi. Rusiyanın rəsmi dövlət statistika idarəsi olan “Rosstat”ın ötən ay verdiyi məlumata görə, ölkə əhalisi üçüncü ildir ki, azalmaqda davam edir.

Proqnozlara görə Rusiya əhalisi 2019-cu ildə 300 min nəfər azalıb. Bu, 2018-ci ilin göstəricisindən üç dəfə çoxdur. Rusiya hökumətinin siyasətinə uyğun olaraq aşağı gəlirli ailələrə azyaşlı uşaqlar üçün, habelə ilk dəfə ana olanlar üçün müavinətlərin ödənilməsi nəzərdə tutulub. Rusiyada üç uşağı olan ailələrə 7350 dollar “ipoteka ödənişi” edilir. Putin bütün bunların kifayət qədər olmadığını və hökumətin öz səylərini artıracağını demişdi.

BMT-nin hazırkı təxminlərinə görə Rusiya əhalisi bu əsrin ortalarınadək 124, 6 milyon nəfərə enə bilər.

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}