Media nümayəndələri üçün ilk yardım üzrə simulyasiya təlimləri keçirilib
22 İyul – Milli Mətbuat Günü ilə əlaqədar TƏBİB-in təşkilatçılığı ilə Yeni Klinikanın Tibbi Tədris-Simulyasiya Mərkəzində media nümayəndələri üçün "İlk yardım: Media üçün Simulyasiya Təlimi" keçirilib. Şəffaflıq.az xəbər verir ki, təlimlərdə 20-yə yaxın media nümayəndəsi iştirak edib. Yeni Klinikanın direktoru, tibb üzrə fəlsəfə doktoru Zəhra Vəzirova qeyd edib ki, media nümayəndələri üçün təşkil olunan təlimlər ilk yardım üzrə əsas praktiki bilik və bacarıqların öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bildirib ki, təlimlər zamanı əldə edilən biliklər iştirakçıların ilk yardım sahəsində maariflənməsinə, həmçinin həyati təhlükə yaradan vəziyyətlərdə daha operativ və düzgün qərarlar qəbul etmələrinə imkan yaradacaq. TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zara İbrahimzadə çıxışında media nümayəndələri ilə əməkdaşlığın və açıq dialoqun TƏBİB üçün xüsusi əhəmiyyət daşıdığını bildirib. Media nümayəndələrini Milli Mətbuat Günü münasibətilə təbrik edən Z.İbrahimzadə qeyd edib ki, TƏBİB media ilə səmərəli əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi və yeni layihələrin həyata keçirilməsi istiqamətində fəaliyyətini davam etdirir. Təlimlər çərçivəsində AHA tərəfindən Təməl Yaşam Dəstəyi (BLS) üzrə beynəlxalq təlimçi Fəxriyyə Quliyeva media nümayəndələrinə ilk yardımın əsas prinsipləri, zərərçəkən şəxsin ilkin qiymətləndirilməsi, ürək-ağciyər reanimasiyası və digər həyati vacib müdaxilələr barədə məlumat verib. Praktiki hissədə iştirakçılar simulyasiya şəraitində əldə etdikləri bilikləri tətbiq ediblər. Media nümayəndələri ürək-ağciyər reanimasiyası zamanı döş qəfəsinə kompressiyaların icrası, ilk yardım alqoritmləri və digər praktiki bacarıqlar üzrə təlim keçiblər. Təlim proqramının sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Facebook-da paylaş








