DİN: 150 nəfər koronavirus xəstəsi saxlanılıb
"COVID-19 xəstələrinin evdə özünü təcrid şəraitində müşahidəsi və hospitalizasiyasına polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarət olunur”.
Şəffaflıq.az-ın xəbərinə görə, bu barədə DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev mətbuatın sorğusuna cavab olaraq bildirib ki, COVID-19 xəstəliyi ilə əlaqədar götürülən analiz nəticələri pozitiv çıxan şəxslər barəsində dərhal respublikamızın bütün ərazi polis orqanlarına müvafiq məlumatlar göndərilir.
O qeyd edib ki, daxil olan məlumat üzrə hər bir aktiv COVID-19 xəstəsi ərazidə fasiləsiz xidmət aparan polis müşahidəsinə daxil edilir:
"COVID-19 xəstəsi əgər həmin ünvanı tərk edərsə, bu dərhal polisə məlum olur. Aktiv COVID-19 xəstələri üzərində gücləndirilən səmərəli nəzarət-profilaktik tədbirlərin nəticəsidir ki, noyabrın 30-dan bu günədək daxili işlər orqanlarının əməkdaşları tərəfindən ümumilikdə 150 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb. Onlardan 135 nəfər evə qaytarılıb, sağlamlıq vəziyyəti daha ağır olan 13 nəfər xəstəxanaya yerləşdirilib. Bu müddət ərzində 106 nəfər barəsində qanunvericiliyə uyğun olaraq, cinayət işi başlayıb. Müvafiq ərazi polis idarə və şöbələrində istintaq araşdırmaları davam etdirilir. Araşdırma prosesində həmin xəstələrin ünsiyyətdə olduğu şəxslərin dairəsi müəyyən olunmaqla, laborator analizlərə cəlb olunur”.
Facebook-da paylaş