Prezident Amaliya Pənahovanın vəfatı ilə bağlı nekroloq imzaladı



 Prezident İlham Əliyev xalq artisti Amaliya Pənahovanın vəfatı ilə bağlı nekroloq imzalayıb.
Hurriyyet.org-un xəbərinə görə, nekroloqda deyilir:
"Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan teatrı və kino sənətinin tanınmış nümayəndəsi, Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq artisti, sənətşünaslıq üzrə elmlər doktoru, professor Amalya Əliş qızı Pənahova 2018-ci il noyabr ayının 8-də ömrünün 74-cü ilində vəfat etmişdir.
Amalya Pənahova 1945-ci il iyunun 15-də Gəncə şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1962–1966-cı illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsində ali təhsil almışdır.
1964-cü ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyor truppasına qəbul edilən Amalya Pənahova burada 1992-ci ilədək səhnə fəaliyyətini davam etdirmişdir. O, 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaratmış və ömrünün sonunadək həmin Teatra rəhbərlik etmişdir.
Zəngin yaradıcılıq axtarışları sayəsində milli teatr və kino sənətinə dəyərli töhfələr vermiş Amalya Pənahova müasir Azərbaycan mədəniyyətində özünəməxsus layiqli yer tutur. Azərbaycan teatrının parlaq ənənələri zəminində formalaşan və bu irsə həmişə sadiq qalan sənətkar gözəl ifa tərzi və yüksək səhnə mədəniyyəti ilə qısa müddət ərzində teatr və kino həvəskarlarının rəğbətini qazanmış, sənətsevərlərin qəlbinə yol tapmışdır. İfadəli səs tembrinə malik istedadlı aktrisanın milli və dünya dramaturji irsinə müraciət edərək teatr səhnəsində böyük məharətlə canlandırdığı çox sayda yaddaqalan obrazlar öz təbiiliyi, həyatiliyi və lirik-psixoloji dərinliyi ilə səciyyələnir. Onun sənətkar olaraq müasirlərin daxili aləminə peşəkarlıqla nüfuz etmək bacarığı mütəxəssislər tərəfindən təqdirlə qarşılanmışdır.
Amalya Pənahovanın televiziya tamaşalarında yaratdığı unudulmaz personajlar milli televiziyanın fondunda diqqətəlayiq sənət nümunələri kimi qorunub saxlanmaqdadır. Kinofilmlərdəki müxtəlif səpkili rolları aktrisanın bu sənətin incəliklərinə dərindən bələd olduğunu aydın təcəssüm etdirir. Amalya xanımın ekran həyatı bəxş etdiyi dolğun və bitkin surətlər sırasında tarixi-mədəni keçmişimizlə bağlı qadın obrazları Azərbaycan kinematoqrafiyasının nailiyyətlərindən sayılır.
Teatr sənətini pedaqoji fəaliyyətlə uğurla əlaqələndirən Amalya Pənahova respublikada gənc aktyorların yetişdirilməsi üçün böyük əmək sərf etmişdir. O, ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etmiş, ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilmişdir.
Amalya Pənahovanın Azərbaycan mədəniyyətinin inkişafı sahəsində göstərdiyi xidmətlər lazımınca qiymətləndirilmişdir. O, bir sıra mükafatlara və fəxri adlara layiq görülmüş, müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatlarından "Şöhrət” və "Şərəf” ordenləri və "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilmişdir.
Tanınmış sənətkar, teatr təşkilatçısı, pedaqoq və səmimi insan Amalya Pənahovanın xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır".
Nekroloqu imzalayıblar:
İlham Əliyev
Mehriban Əliyeva
Novruz Məmmədov
Oqtay Əsədov
Ramiz Mehdiyev
Əli Əhmədov
Fərəh Əliyeva
Əbülfəs Qarayev
Ceyhun Bayramov
Anar Rzayev
Eldar Quliyev
Azər Paşa Neymətov
Rasim Balayev
Şəfiqə Məmmədova
Hacı İsmayılov
Nurəddin Quliyev.
Mərhumun cənazəsi vidalaşmaq üçün 2018-ci il noyabrın 9-da saat 11.00-dan 13.00-dək Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasında qoyulacaq (Füzuli meydanı, 1).

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}